Avropa İttifaqının on üzv ölkəsi Azərbaycandan qaz alır

Avropa İttifaqının on üzv ölkəsi Azərbaycandan qaz alır

Raminə Ağayeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 36 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru

2026-cı il martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında keçirilən görüş və birgə mətbuat bəyanatı Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafında mühüm hadisə kimi dəyərləndirilir. Dövlət başçısı öz çıxışında bildirmişdir ki, Azərbaycan ilə Avropa İttifaqı hazırda müxtəlif istiqamətlər üzrə fəal tərəfdaşlıq mərhələsindədir. Bu əməkdaşlıq siyasi dialoq, iqtisadi əlaqələr, enerji təhlükəsizliyi və regional sabitlik kimi mühüm sahələri əhatə edir.

Prezident İlham Əliyev vurğulamışdır ki, əgər tərəflər siyasi iradə və sülhə sadiqlik nümayiş etdirərlərsə, bu, dövlətlər və xalqlar arasında barışığın və qarşılıqlı etimadın ən mühüm göstəricisi olacaqdır. Enerji sahəsində əməkdaşlıq da xüsusi qeyd edilmişdir. Bildirilmişdir ki, bu gün Avropa İttifaqının on üzv ölkəsi Azərbaycandan qaz alır və bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş olduğunu bir daha təsdiq edir. Bununla yanaşı, bərpa olunan enerji sahəsində də böyük potensial mövcuddur və gələcək əməkdaşlığın bu istiqamətdə daha da genişlənməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev həmçinin regionda sülh və sabitliyin qorunmasının vacibliyini vurğulayaraq qeyd etmişdir ki, Azərbaycan artıq yeddi aydır sülh şəraitində yaşayır və bu sülhün möhkəmləndirilməsi regionun gələcəyi üçün böyük əhəmiyyət daşıyır.

Bu görüş və verilən bəyanat Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın daha da möhkəmlənəcəyinə, qarşılıqlı tərəfdaşlığın yeni mərhələyə qədəm qoyacağına və regionda sabitlik və inkişafın güclənəcəyinə olan inamı bir daha nümayiş etdirir.