Aqrar sektor ölkənin ixrac potensialında mühüm yer tutur
Aidə Eyvazova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu, 76 nömrəli tam orta məktəbin direktor müavini
Kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə ərzaq təhlükəsizliyi məsələsinin xüsusi ön plana çıxarılması təsadüfi deyil. Müasir dünyada müharibələr, geosiyasi gərginlik, nəqliyyat zəncirlərinin pozulması, enerji böhranı və iqlim dəyişiklikləri artıq kənd təsərrüfatına birbaşa təsir edən qlobal risklərə çevrilib. Bu reallıq fonunda hər bir ölkə kimi Azərbaycan üçün də daxili istehsalın artırılması və strateji məhsullar üzrə özünütəminetmə səviyyəsinin yüksəldilməsi artıq iqtisadi deyil, milli təhlükəsizlik məsələsi kimi dəyərləndirilir.
Müşavirədə diqqət çəkən əsas məqamlar ondan ibarət idi ki, kənd təsərrüfatı artıq təkcə istehsal və məşğulluq məsələsi kimi deyil, həm də milli ərzaq təhlükəsizliyi, idxaldan asılılığın azaldılması, investisiya cəlbediciliyinin artırılması və müasir texnologiyalara əsaslanan inkişaf modeli çərçivəsində qiymətləndirilir. Bu baxımdan müşavirədə səsləndirilən tezislər kənd təsərrüfatında yeni mərhələnin əsas istiqamətlərini müəyyən edən mühüm siyasi-iqtisadi mesajlar kimi xarakterizə olunur. Prezident cənab İlham Əliyevin səsləndirdiyi fikirlər aqrar sahənin inkişafına dair əldə olunan nəticələrin qiymətləndirilməsi ilə yanaşı, qarşıdakı dövr üçün müəyyən edilən yeni strateji hədəfləri də aydın şəkildə ortaya qoydu.
Ali səviyyəli toplantıda qeyd olunmuşdur ki, bəzi məhsul növləri üzrə əldə olunan müsbət göstəricilər Azərbaycanın aqrar potensialının kifayət qədər yüksək olduğunu göstərir. Tərəvəz, bostan məhsulları, meyvəçilik, üzümçülük, fındıqçılıq və digər istiqamətlər üzrə həm daxili tələbatın ödənilməsi, həm də ixrac imkanlarının genişlənməsi kənd təsərrüfatının yalnız daxili bazara deyil, xarici bazarlara yönələn iqtisadi güc kimi formalaşdığını göstərir. Bu, aqrar sektorun ölkənin ixrac potensialında da mühüm yer tutduğunu təsdiqləyir.
Prezidentin proqram xarakterli çıxışnda xüsusi vurğulanan məqamlardan biri də son illərdə kənd təsərrüfatında müşahidə olunan dinamikanın arzuolunan səviyyədə olmaması və bu sahədə yeni yanaşmalara ehtiyacın yaranması idi. Bu, aqrar sektorda əldə olunmuş nəticələrə baxmayaraq, mövcud vəziyyətin yalnız uğurlar prizmasından deyil, eyni zamanda inkişafı ləngidən amillər baxımından da təhlil edildiyini göstərir. Belə yanaşma dövlətin aqrar siyasətdə daha çevik və nəticəyönümlü idarəetmə modelinə keçmək niyyətini ortaya qoyur.
Nəticədə demək olar ki, müşavirədə kənd təsərrüfatının dinamikası ilə bağlı səsləndirilən rəqəmlər inkişafın sürətlə getdiyini göstərdi. Lakin özünütəminetmə səviyyəsinin hələ də arzu olunan həddə çatmaması göstərir ki, aqrar sektorda bəzi istiqamətlərdə mövcud potensialdan tam istifadə olunmur. Bu, eyni zamanda investorlar və sahibkarlar üçün açıq mesajdır ki, idxaldan asılı olan məhsullar üzrə daxili istehsalın artırılması strateji prioritet kimi qarşıya qoyulub. Qarşıya qoyulmuş tapşırıqlarla istənilən hədəfə çatacağımıza əminik.