AQEM Zirvə Görüşündə qlobal təhlükəsizlik çağırışları və tarixi ədalətin bərpası
Maya Mehdiyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 282 nömrəli tam orta ümumtəhsil məktəbinin əməkdaşı
Prezident İlham Əliyevin AQEM-də çıxışında beynəlxalq təşkilatların qərarlarının icrasını təmin edən mexanizmlərin hazırlanması məsələsinə xüsusi diqqət yetirilməsi baxımdan əhəmiyyətlidir. Dövlət başçısının vurğuladığı kimi, qəbul edilmiş qətnamələrin icrasına dair effektiv mexanizmlər olmadıqda münaqişələrin davam etməsi və yeni münaqişələrin meydana çıxması ehtimalı artır. Bu fikir beynəlxalq təhlükəsizlik sisteminin yalnız siyasi bəyanatlara deyil, həm də hüquqi öhdəliklərin yerinə yetirilməsini təmin edən təsirli vasitələrə ehtiyac duyduğunu göstərir.
2020-ci ildə baş vermiş Vətən müharibəsi və 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin tam bərpası ilə nəticələnən antiterror tədbirləri dövlət başçısının çıxışında tarixi prosesin əsas mərhələləri kimi təqdim olunub. Azərbaycan öz ərazi bütövlüyünün bərpasını beynəlxalq hüquqla təsbit edilmiş suveren hüquqlarının təmin edilməsi kontekstində qiymətləndirir. Bu hadisələrin təhlili göstərir ki, münaqişələrin dinc vasitələrlə həlli üçün beynəlxalq mexanizmlərin vaxtında və səmərəli işləməsi mühüm əhəmiyyət daşıyır. Belə mexanizmlər nəticə vermədikdə təhlükəsizlik böhranlarının daha ağır mərhələyə keçməsi riski artır.
Azərbaycanın müharibədən sonra Ermənistana sülh təklif etməsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar çıxışın digər mühüm məqamını təşkil edir. Prezident müharibənin Azərbaycanın seçimi olmadığını vurğulayaraq qazanılmış Qələbədən sonra qisas siyasəti yürütmədiklərini və sülhə üstünlük verdiklərini bildirib. Bununla yanaşı, sülhün kövrək xarakter daşıdığına diqqət çəkərək onun qorunmasının və möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Bu yanaşma hərbi münaqişənin başa çatmasının davamlı sülhün avtomatik təmin olunması demək olmadığını, siyasi iradə və qarşılıqlı öhdəliklərin vacibliyini göstərir.
Beləliklə, Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışı Azərbaycanın tarixi təcrübəsi əsasında beynəlxalq hüququn tətbiqi, ikili standartların aradan qaldırılması və kollektiv təhlükəsizlik mexanizmlərinin təkmilləşdirilməsi məsələlərini gündəmə gətirir. Çıxışın əsas mesajlarından biri ondan ibarətdir ki, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət beynəlxalq münasibətlərdə seçici deyil, universal prinsip olmalıdır. Münaqişələrin qarşısının alınması, sülhün qorunması və beynəlxalq təşkilatların nüfuzunun möhkəmləndirilməsi üçün qəbul edilən qərarların icrası təmin edilməli, bütün dövlətlərə münasibətdə eyni hüquqi meyarlar tətbiq olunmalıdır.