Ağdam işğaldan azad edildikdən sonra orada mina təmizləmə və genişmiqyaslı tikinti işləri aparılır

Ağdam işğaldan azad edildikdən sonra orada mina təmizləmə və genişmiqyaslı tikinti işləri aparılır
Nizaməddin Ağcayev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin direktoru

Ağdam adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Bəzi mənbələrə görə, “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir ona görə ki, uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər.   Bu adın yeni məna kəsb etməsinin əsl səbəbini XVIII əsrdə Pənahəli xanın özünə ağ daşdan ev tikdirməsi ilə əlaqələndirirlər. Həmin ev bir-biri ilə həmahəng olan tikililərdən ibarət bütöv bir kompleks - ağ imarət idi və uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilmişdi.

Ermənistanın Dağlıq Qarabağı özünə birləşdirmək məqsədilə 1988-ci ilin fevral ayından başladığı müharibəyə Ağdam rayonu da cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıq Ağdam rayonunun üzərinə düşmüşdür. 1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular. Qəhrəman rayon adını alan Ağdam rayonunun şəhid sayı 6570 nəfər, Milli Qəhrəmanı 16 nəfər, döyüşlərdə iştirak edən ağdamlı sayı 40,000 nəfər, ağdamlı Qarabağ qazisi 4950 nəfər olmuşdur.

BMT qətnamələri beynəlxalq hüququn işlək və təsirli vasitələrindən biridir. Onlar dövlətlərarası münasibətlərin sabitliyini təmin etmək, münaqişələrin qarşısını almaq, insan hüquqlarını müdafiə etmək və iqtisadi-sosial inkişafı təşviq etmək məqsədi daşıyır. Münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanır. Yuxarıda qeyd olunduğu kimi, BMT Təhlükəsizlik Şura-sının 1993-cü ildə Azərbaycan ərazilərinin işğalına cavab olaraq qəbul olunmuş qətnamələri Azərbaycan Respublikası və region-dakı digər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət olunmasını bir daha təsdiqlədi.

29 iyul 1993-cü il tarixli, 853 saylı qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdam və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi. Bu qətnamə, həmçinin 822 saylı qətnaməyə də əməl edilməsini tələb edirdi. Ermənistan tərəfi beynəlxalq qərarlara tabe olmaqdan yayındı. Təəssüflər olsun ki, Ermənistanın Azərbaycanın suveren ərazi bütövlüyünü pozduğunu təsdiqləyən BMT-nin dörd qətnaməsi icra edilmirdi. Elə beynəlxalq ictimaiyyət də buna göz yumurdu.

"BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı” İlham Əliyev

Azərbaycan Ordusu öz cəsarətli hərbi əməliyyatları ilə artıq bu qətnamələrin icrasını özü həyata keçirdi. Azərbaycan xalqı üçün geridə qalan 2020-ci ilin ən böyük hadisəsi ərazi bütövlüyünün bərpası oldu.  Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək işğal siyasətinə son qoydu. Bu savaş Müzəffər Ali Baş Komandan İlham Əliyevin şərtləri əsasında düşmənin kapitulyasiyası ilə başa çatdı. İlham ƏLİYEV: “İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq”

Üçtərəfli bəyanatın bütün bəndləri Azərbaycanın milli və dövlət maraqlarına uyğun idi. Sənədin bəndləri işğal altında qalan digər rayonların da azad olunmasını nəzərdə tuturdu. Beləliklə, Ermənistanın kapitulyasiyasına uyğun olaraq noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu Azərbaycan Ordusunun nəzarətinə keçdi. Hərbi qələbə ilə Ermənistanı məğlub edən Azərbaycan bir güllə belə atmadan bu rayonları da azad etdi. Bununla da torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsində işğaldan azad olunan rayonlarımızın sırasına  Ağdam, Kəlbəcər və Laçın rayonları da əlavə olundu.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev no­yabrın 20-də xalqa müraciətində Ağdam ra­yonunun yağı tapdağından xilas edilməsini noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın nəticəsi kimi dəyərləndirib. “Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarır. Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”.

İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri sürətlə icra olunur. Ağdam işğaldan azad edildikdən sonra orada mina təmizləmə və genişmiqyaslı tikinti işləri aparılır, “Ağıllı şəhər” konsepsiyası əsasında müasir infrastruktur qurulur. 2026-cı ilədək 10 minə qədər sakin köçəcəyi gözlənilir, gələcəkdə isə əhalinin 100 minə çatdırılması planlaşdırılır. Ermənilərin “Qafqazın Xirosiması”na çevirdiyi köhnə Ağdam şəhərinin yerində ölkəmizdə öz böyüklüyünə görə dördüncü, Qarabağın isə ən böyük şəhəri inşa olunacaq.  Artıq Ağdamın yeni günləri başlayıb.  Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama səfərləri və reallaşdırılan yeni infrastruktur layihələr bunu söyləməyə əsas verir.

2021-ci il mayın 28-də Prezident İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olunub. Həmin gün Prezident İlham Əliyev tərəfindən Ağdam şəhərinin bərpasının təməl daşı qoyulub. Bununla yanaşı, “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, Zəfər və İşğal muzeylərinin, Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpaolunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməli qoyulub.

Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən vacib istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. Ağdam Sənaye Parkı dövlətimizin başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılıb. Sənaye Parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası, sənaye potensialının inkişaf etdirilməsi, ən əsası isə bölgədə əhalinin məşğulluğunun təmin olunmasıdır.

Ağdam şəhərindəki Cümə Məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Qiyaslı məscidində və Qarabağ ərazisindəki ən məşhur abidələrdən biri olan Şahbulaq qalasında da bərpa işləri davam etməkdədir. Ötən il sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Ağdam şəhərində “Aghdam City Hotel”in açılışı oldu. Hazırda “Hilton Garden İnn” hotelinin tikintisi davam edir.

Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət Kompleksi bərpa olunub. Həmçinin Ağdamda tamaşaçı tutumu 15 min nəfər olan və şəhərin geniş infrastruktura malik guşəsində yeni stadion inşa edilir.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2023-cü il mayın 2-də Ağdam rayonuna səfər ediblər. Dövlətimizin başçısı “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin, Ağdam şəhərində salınacaq 2 ikinci və üçüncü yaşayış məhəllələrinin, Ağdam şəhərində inzibati binanın təməlini qoyublar.

 

Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən Sarıcalı kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, sosial-iqtisadi müəssisələr də qurulub. Həmçinin burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub. 14 sinif otağı olan 360 şagird yerlik Sarıcalı kənd tam orta məktəbində təhsil prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. 203 fərdi ev inşa olunub.

 

Yeni salınan kəndlər, ölkəmizin ən böyük sənaye mərkəzlərindən birinə çevriləcək şəhərdə aparılan quruculuq işləri deməyə əsas verir ki, Ağdamın öz sakinlərini qoynuna alacağı və çal-çağırlı günləri uzaqda deyil.