Aysel Seyidova
YAP Suraxanı rayon təşkilatının üzvü
Bakı şəhəri 76 nömrəli məktəbin müəllimi
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşləri baş tutubdur. Görüşlərdən sonra prezidentlər mətbuata birgə bəyanatlarla çıxış ediblər. Əlavə edək ki, səfər zamanı prezidentlərin iştirakı ilə Azərbaycan- Konqo sənədlərinin imzalanması mərasimi də olub.
Cənab İlham Əliyev və Deni Sassu-Nqesso “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”ni imzalayıblar.
Həmçinin, prezidentlər arasında bundan başqa da sənədlər imzalanmışdır. Prezident İlham Əliyev mətbuata birgə bəyanat zamanı qeyd edib ki, imzalanan sənədlər çox önəmli və vacibdir. Dövlət başçısı bunu da əlavə edib ki, bu sənəd ölkələr arasındakı əməkdaşlığın perspektivlərini müəyyən edəcək. “Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaq”, - deyə İlham Əliyev bildirib.
“Bizim siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur və bu gün imzalanmış əməkdaşlıq haqqında Bəyannamə bunu bir daha təsdiq edir. Biz bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyətimizi davam etdirəcəyik, xüsusilə BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində. Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər dörd il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss edib. Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini verib və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilib”, - deyə Cənab İlham Əliyev bildirib.
Dövlət başçısı onu da qeyd edib ki, həmkarı ilə görüşlər zamanı iqtisadi sahədə çox önəmli əməkdaşlıqlardan söhbət açılıb. Nümayəndə heyətlərinin üzvlərinə konkret tapşırıqlar verilib. Cənab Prezident bildirib ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində: “Bərpa olunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Bu gün müzakirə aparıldı, müvafiq göstərişlər verildi və əminəm ki, gələcək aylar ərzində bizim nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar”. Onu da qeyd edək ki, Konqo təbii resurslarla zəngin neft hasil və ixrac edən ölkədir. Bu ölkə inkişaf etmiş kənd təsərrüfatı infrastrukturuna malikdir. Bu sahələrdə Azərbaycanla əməkdaşlıq etməyə hazırdır.
Göründüyü kimi, Konqo prezidentinin Azərbaycana Respublikasına ilk səfəri Bakının Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətinin nəticəsidir. Ona görə də, Azərbaycanın dünyanın müxtəlif bölgələri, o cümlədən də Afrika qitəsi ölkələri ilə əlaqələri inkişaf edir. Bundan əlavə, onu da bildirək ki, istər tarixi kontekstdə, istərsə də cari dövr baxımından Azərbaycanın Afrika ölkələri ilə yaxşı əlaqələri var. Hələ SSRİ dövründə Afrika ölkələrindən olan çoxlu sayda tələbə Azərbaycanın ali məktəblərində təhsil alıb. Azərbaycan pandemiya dövründə Afrika ölkələrinə dəstək verib, ikitərəfli münasibətləri inkişaf etdirib.
Afrika ölkələri tərəfindən Azərbaycanın 30 illik müstəqillik dövründə əldə etdiyi uğurlar maraqla qarşılanır. Bunu da əlavə edək ki, Azərbaycanın kolonializmə qarşı mübarizəsi, Bakı Təşəbbüs Qrupunun yaradılması Afrika qitəsi ölkələri tərəfindən olduqca yaxşı qarşılanır və dəstəklənir. Hətta Fransanın ənənəvi aktiv olduğu Afrika regionunda da Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Bunlardan biri də məhz Konqodur.
Buna əsasən deyə bilərik ki, Azərbaycanla Konqonun münasibətləri daha yüksək mərhələyə çatacaq. Bu və digər uğurların hər biri prezidentimiz İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsində əldə edilib və ediləcəkdir. Bu gün ölkəmizin Beynəlxalq münasibətlər sistemində artan nüfuzu ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyi, siyasi liderlik bacarıqlarının məntiqi nəticəsidir və ölkəmiz həm diplomatik, həm iqtisadi sahələrədə yeni-yeni uğurlara imza atmaqdadır.