9 may - Qələbə günü dövlətimiz tərəfindən təntənəli surətdə qeyd olunur

9 may - Qələbə günü dövlətimiz tərəfindən təntənəli surətdə qeyd olunur

  Nizami Eminov

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 85 nömrəli tam orta məktəbin direktor müavini

Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıq bədii əsərlərə mövzu olmuşdur. Böyük Vətən müharibəsində igid xalqımızın göstərdiyi şücaətdən  çoxlu sayda şeirlər, kitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş, qəhrəmanların şərəfinə abidələr ucaldılmışdır.

Artıq 78 ildir ki, 9 may - faşizm üzərində Qələbə günü təntənəli surətdə qeyd olunur. Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz, Azərbaycanın mərd övladları bu Qələbə uğrunda can qoymuşdur. Müharibəyə qoşulmuş hər bir vətəndaşımız sərhədlərimizdən çox-çox uzaqlarda vuruşmaqla həm də vətənimizin mənafeyini, ərazi bütövlüyünü qorumuşdur.

Müharibəyə yollanmış 650 mindən çox Azərbaycan vətəndaşının yarıdan çoxu 420 mini geri qayıtmamışdır. Bu qanlı savaşda Azərbaycan təkcə canlı qüvvə baxımından deyil, iqtisadi cəhətdən də cəbhəyə xidmət edirdi. Məhz elə buna görə həmin dövrlərdə Azərbaycanda ciddi işlər aparılırdı.  Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilmişdi. Böyük çətinliklərə baxmayaraq, neftçilər xüsusi səriştə, qorxmazlıq və fədakarlıq göstərib, cəbhəni və sənayeni yanacaqla təmin etmişdir. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksək keyfiyyətli sürtgü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Faşizm üzərində qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi.

Azərbaycanda 1941-1945-ci illərdə böyük şücaət, qəhrəmanlıq göstərmiş insanların keçdiyi şərəfli döyüş yolu gənc nəslin ideoloji-mənəvi, hərbi vətənpərvərlik  tərbiyəsində mühüm amilə çevrilib. Ona görə də hər il 9 may - Qələbə günü dövlətimiz tərəfindən təntənəli surətdə qeyd olunur. Bu gün öz həyatımıza görə borclu olduğumuz, bəşəriyyətin xilası uğrunda göstərdikləri əvəzsiz xidmətləri qəhrəmanlıq salnaməsinə əbədi yazılmış igid oğulların və qızların adları yaddaşımızdan silinməzdir və bizləri daim Vətən qarşısında borcumuzu unutmamağa çağırır.

Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil xalqın milli maraqlarının pozulmasına heç zaman yol verməz. Haqqımız olanın əlimizdən alınması ilə barışmaz. Canı-qanı bahasına da olsa, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin edər.