8 Noyabr – Şuşa şəhəri günü xalqımızın tarixi yaddaşında əbədi yaşayacaqdır

8 Noyabr – Şuşa şəhəri günü xalqımızın tarixi yaddaşında əbədi yaşayacaqdır

Günay Orucova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 331 nömrəli körpələr evi- uşaq bağçasının müdiri 

8 Noyabr-Şuşa şəhəri günü Şuşa Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və böyük mənəvi dəyərlərə malik olan şəhərlərindən biridir. Qarabağın dilbər guşəsində yerləşən Şuşa tarixən Azərbaycanın mədəni, ictimai və siyasi həyatında mühüm rol oynamışdır. Şəhər görkəmli şairlər, yazıçılar, bəstəkarlar, musiqiçilər və incəsənət xadimləri yetişdirmişdir. Buna görə də Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, xalqımızın milli kimliyinin və tarixi yaddaşının mühüm simvoludur.

2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi yaşayacaq əlamətdar günlərdən biridir. Həmin gün Şuşa şəhəri işğaldan azad edilmişdir. Şuşanın azad olunması 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərin ən mühüm hadisələrindən biri olmuşdur. Bu qələbə Azərbaycan xalqının birliyini, ordumuzun gücünü, əsgər və zabitlərimizin qəhrəmanlığını nümayiş etdirmişdir. Şuşanın azad edilməsi ölkəmizdə böyük sevinc və qürur hissi yaratmışdır.

Bu tarixi hadisə xalqımızın yaddaşında xüsusi yer tutur.Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad olunmasını böyük qürurla bəyan etmişdir. Şuşanın azad edilməsi Ulu Öndər Heydər Əliyevin arzularının və vəsiyyətinin yerinə yetirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Bu qələbə şəhidlərimizin qanı və qəhrəmanlığı hesabına əldə edilmişdir. Şuşanın azad olunmasından sonra şəhərin bərpası, yenidən qurulması və məskunlaşdırılması istiqamətində geniş tədbirlər həyata keçirilmişdir.

Tarixi və memarlıq abidələri, məscidlər, muzeylər, ev-muzeyləri və digər mədəniyyət obyektləri bərpa edilir. Şuşada yeni yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, yollar və müxtəlif infrastruktur obyektləri inşa olunur. Şəhərin baş planına uyğun olaraq onun müasir və tarixi görkəminin qorunması istiqamətində işlər aparılır. Doğma yurdlarına qayıdan sakinlərin şəhərdə rahat yaşayışı üçün şərait yaradılır.

Şuşa Azərbaycanın mədəniyyət mərkəzi olmaqla yanaşı, beynəlxalq əhəmiyyətli tədbirləri  keçirildiyi şəhərə çevrilmişdir. Burada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, Şuşa Qlobal Media Forumu və müxtəlif mədəni tədbirlər təşkil olunur. Şuşa Türk dünyasının mədəniyyət paytaxtı və İslam dünyasının mədəniyyət paytaxtı kimi də böyük əhəmiyyət qazanmışdır.

8 Noyabr – Şuşa şəhəri günü xalqımızın tarixi yaddaşında əbədi yaşayacaqdır. Bu gün biz Vətən uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edir, qazilərimizin qəhrəmanlığını minnətdarlıqla xatırlayırıq. Şuşanın azadlığı, dirçəlişi və inkişafı Azərbaycan xalqının qürur mənbəyidir. Şuşanı qorumaq, onun tarixini, mədəniyyətini və milli dəyərlərini gələcək nəsillərə çatdırmaq hər bir azərbaycanlının müqəddəs borcudur.

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Paylaş