8 Noyabr – Şuşa şəhəri günü bizim qürurumuzdur

8 Noyabr – Şuşa şəhəri günü bizim qürurumuzdur
Səadət Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin direktoru

8 Noyabr — bu tarix hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. Bu gün biz yalnız bir şəhərin azad olunmasını yox, bütöv bir xalqın qürurunun, iradəsinin və birliyinin bərpasını qeyd edirik. 2020-ci il noyabrın 8-də Şuşanın azadlığı ilə Azərbaycanın ən böyük arzularından biri gerçəyə çevrildi. O gün Azərbaycan Ordusunun mərd əsgərləri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 illik həsrətə son qoydular. Həmin gün sanki min illərin ahı, minlərlə şəhidin ruhu Cıdır düzündə dalğalanan üçrəngli bayrağımızla birgə azad nəfəs aldı.

Prezident İlham Əliyevin “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq!” sözləri sanki hər birimizin içindən keçən fəryadın, sevincin, inamın ifadəsi idi. Bu qələbə masa arxasında yox, şəhid qanı ilə, mərdlik və imanla yazıldı. O gündən etibarən Şuşa təkcə bir şəhər deyil, bütöv bir millətin dirçəliş simvoluna çevrildi.

Uzun illər boyu düşmən tapdağı altında qalan Şuşa indi yenidən həyatla doludur. Hər daşında tarix, hər küçəsində musiqi səslənir. Xurşidbanu Natəvanın bulağından su içmək, Bülbülün ev-muzeyində onun səsini dinləmək, Üzeyir Hacıbəylinin izlərini görmək indi hər bir azərbaycanlının qürur anıdır. Şuşa azad olunandan sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə bu şəhərə səfər ediblər. Onların rəhbərliyi ilə Şuşada misilsiz bərpa və yenidənqurma işləri həyata keçirilir. Gövhər Ağa məscidləri, Mehmandarovlar malikanəsi, Bülbülün və Üzeyir bəyin ev-muzeyləri, Natəvanın sarayı yenidən öz əzəmətini tapır.

Bu gün Şuşada yeni məktəblər, xəstəxanalar, yaşayış kompleksləri, yollar, parklar salınır. Amma ən gözəli odur ki, oraya həyat qayıdıb. İnsan səsi, uşaq gülüşü, muğamın ahəngi yenidən Şuşanın daş divarları arasında eşidilir. 2040-cı ilədək şəhərin inkişafına dair Baş plan hazırlanıb. Bu plan həm tarixi irsi qoruyur, həm də Şuşanı müasir mədəniyyət, turizm və elm mərkəzinə çevirir.

Şuşa artıq təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qəlbindədir. 2021-ci ildə Azərbaycan və Türkiyə prezidentlərinin burada imzaladığı “Şuşa Bəyannaməsi” iki qardaş xalqın birliyini əbədiləşdirdi. 2024-cü ildə Şuşa “İslam dünyasının mədəniyyət paytaxtı” seçildi. Bu qərar, bu sevgi, bu diqqət bir daha göstərdi ki, Şuşa həm keçmişin yadigarı, həm də gələcəyin rəmzidir.

Şuşaya səfər edən hər kəsin gözlərində eyni parıltı var — bu torpağın azadlığına, bu xalqın qələbəsinə duyulan heyranlıq. Orada hər addımda şəhidlərin ruhu dolaşır, hər baxışda Vətən sevgisi hiss olunur. Cıdır düzünə çıxanda sanki küləklə birlikdə “Qarabağ Azərbaycandır!” sədaları eşidilir.

Bu gün biz həmin qələbəni, həmin duyğunu bir daha yaşayırıq. 8 Noyabr – Şuşa şəhəri günü bizim qürurumuzdur. Hər bir azərbaycanlı üçün bu gün həm sevinc, həm minnətdarlıq, həm də məsuliyyət günüdür. Biz bu torpaqları azad etdik, indi onları yaşatmaq, qorumaq və gələcək nəsillərə ötürmək bizim borcumuzdur.