31 Mart soyqırımı xalqımızın taleyində baş vermiş ən amansız faciədir
Aygün Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu, 312 saylı körpələr evi və uşaq bağçasının müdiri
1918-ci ilin əvvəllərində Cənubi Qafqazda və xüsusilə Bakıda cərəyan edən proseslər gərgin xarakter daşıyırdı. Çar Rusiyasının süqutundan sonra regionda öz hakimiyyətini qurmaq istəyən bolşevik-daşnak ittifaqı qarşısında ən böyük maneə kimi Azərbaycan xalqının müstəqillik arzularını və milli azadlıq hərəkatını görürdü. Bakı Sovetinin rəhbəri Stepan Şaumyanın rəhbərliyi altında fəaliyyət göstərən silahlı dəstələr milli qüvvələri zəiflətmək və Bakını tamamilə nəzarətə götürmək üçün mülki əhaliyə qarşı kütləvi qırğınlar planlaşdırırdılar.
Martın 30-da başlayan və bir neçə gün davam edən qanlı hadisələr zamanı on minlərlə soydaşımız məhz etnik mənsubiyyətinə və dini inancına görə amansızlıqla qətlə yetirildi. Erməni-bolşevik dəstələri heç bir fərq qoymadan qocaları, qadınları və uşaqları vəhşicəsinə öldürür, tarixi binaları, məscidləri və mədəniyyət abidələrini yerlə-yeksan edirdilər. Təkcə Bakı şəhərində 12 mindən çox azərbaycanlı qətlə yetirildi, şəhərin tarixi mərkəzi olan İçərişəhər və onun ətrafındakı yaşayış məntəqələri ağır top atəşinə tutuldu.
31 Mart faciəsi yalnız Bakı ilə məhdudlaşmadı. Erməni silahlı qüvvələri Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Lənkəranda da kütləvi qırğınlar törətdilər. Şamaxıda 70-dən çox kənd dağıdıldı, minlərlə insan məscidlərdə diri-diri yandırıldı. Qubada isə hadisələr xüsusi qəddarlıqla müşayiət olundu.
2007-ci ildə aşkar edilən Quba kütləvi məzarlığı həmin dövrdə törədilmiş vəhşiliklərin canlı və təkzibolunmaz sübutudur. Bu məzarlıq erməni cəlladlarının həm azərbaycanlılara, həm də bölgədə yaşayan digər xalqlara məsələn, yəhudilərə qarşı necə amansız olduqlarını dünyaya nümayiş etdirir.
Tarix təkərrürdən ibarətdir. Ən böyük faciəmiz unutqanlığımızdır. Məhz bu amili nəzərə alaraq milli şüürun, milli yaddaşın formalaşdırma prosesinə ərkən yaşlarda başlamaq lazımdır. Lap kiçik yaşlardan, hətta məktəbəqədər tədris prosesində artıq balaca fidanlarımıza xalqımızın başına gətirilən müsibətləri Zəfər tariximizlə yanaşı tədris etməliyik. Bunu etdiyimiz təqdirdə əldə etdiyimiz möhtəşəm zəfərlər daimi və əbədi olacaqdır.