Ulu Öndər Heydər Əliyev- Xalqa həsr olunmuş ömür

Ulu Öndər Heydər Əliyev- Xalqa həsr olunmuş ömür

Cavanşir Allahverdiyev

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

 Azneft İB Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsinin direktoru

1969-cu ilin yayında Azərbaycanın rəhbərliyinə siyasət aləmi üçün hələ cavan, işgüzar, məqsədyönlü bir insan gəldi. Onun iradəli xarakterində, iş üslubunda hər cür ətalətə, fəaliyyətsizliyə, köhnəliyə, mühafizəkarlığa qarşı nadir hallarda təsadüf edilən dözümsüzlüklə, köhnəlmiş forma və strukturların yeniləşdirilməsində, müasirləşdirilməsində işgüzar tutarlılıq, dəqiq qənaətkarlıq keyfiyyətləri harmonik şəkildə uyuşurdu. Bu şəxsiyyət Heydər Əliyev idi. Bu vaxta qədər o, Dövlət Təhlükəsizlik Komitəsində general rütbəsində başçılıq edən böyük, ciddi idarəçilik məktəbi keçmişdi.

Heydər Əliyevin qarşısında, hələ bu vaxtacan onun sələflərinin heç birinin cəsarət edə bilmədiyi misli görünməmiş vəzifələr dururdu: respublikanın iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, üstəgəl onu qüdrətli dövlətin xammal istehsalçılarından qabaqçıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirmək, Bakının dünyanın ən gözəl və abad şəhəri kimi simasını özünə qaytarmaq, Azərbaycan kəndini dirçəltmək, Azərbaycan əhalisinin sosial, mədəni və təhsil səviyyəsini qaldırmaq. Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bütün bunlar və xeyli digər məsələlər müvəffəqiyyətlə həyata keçirildi. Heydər Əliyevin nəhəng fəaliyyəti nəticəsində Azərbaycan kökündən dəyişdi SSRİ-nin qabaqcıl respublikalarından birinə çevrildi.

Zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və əzəməti, onun xalqımızın naminə gördüyü xilaskarlıq və quruculuq işlərinin möhtəşəmliyi daha aydın görünür. Bu böyük şəxsiyyət, sözün əsl mənasında, xalqımız tərəfindən hər an anılır, hər gün yad edilir. Ümummilli lider bu məhəbbəti xalqa, vətənə,dövlətə, böyük türk dünyasına, insanlığa əvəzsiz xidməti ilə qazanıb, əbədiyyətə, ölməzliyə çevrilib. Heydər Əliyev XX əsrin sonunda dünyanın siyasi tarixinə Avrasiya məkanının, qədim şərqin bənzərsiz dövlət xadimi, müasir Azərbaycan dövlətinin memarı, millət atası kimi daxil oldu. Müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasına 10 il şərəflə xidmət göstərdi, özünün dahiyanə şəkildə qeyd etdiyi kimi, ömrünün qalan hissəsini doğma xalqına verdi, onu dünyaya tanıtdı. Bu 10 ildə ölkəmiz 30-40 ilə bərabər yol keçdi. Ulu öndərin Azərbayçan müstəqilliyinin bərpasında, onun möhkəmləndirilməsində rolu müqayisə olunmaz dərəcədə böyükdür.

Heydər Əliyev dövlətçilik təcrübəsi, qətiyyəti və iradəsi nəticəsində ölkədə yaranmış vətəndaş qarşıdurması uğurla və itkisiz aradan qaldırıldı, qanunçuluq möhkəmləndi ictimai-siyasi sabitlik yaradıldı.

Dahi şəxsiyyət çox-çox sonralar bu dövrü belə qiymətləndirirdi: ”Gərək heç kəs unutmasın ki, 1993-cü ildə Azərbaycan parçalanmaq, bir ölkə kimi, müstəqil dövlət kimi məhv olmaq təhlükəsi qarşısında idi.... ancaq xalq bu böyük sınaqdan çıxdı Azərbaycanı məhv etmək istəyən qüvvələrin qarşısını aldı.”

1994-cü ilin mayında əldə olunan atəşkəsdən başlayaraq böyük Öndərin diqqət yetirdiyi əsas məsələ ordu quruculuğu, hərb sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi dövrü oldu. Elə həmin ilin sonundan başlayaraq Heydər Əliyev ölkənin iqtisadi inkişafını bir nömrəli vəzifə elan etdi, sentyabr ayında Azərbaycan üçün, region üçün böyük iqtisadi və geosiyasi əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi” imzalandı.

O vaxtdan başlayaraq ölkəyə sərmayə axını başladı. Dünyanın aparıcı transmilli şirkətləri Azərbaycanda ictimai-siyasi sabitliyin yaranacağına əmin olmasaydılar, hadisələrin yaxşılığa doğru getdiyini əvvəlcədən proqnozlaşdıra bilməsəydilər, Heydər Əliyevin neft strategiyasına inanmasaydılar, əlbəttə ki, onlar risk edib bu qədər böyük həcmli vəsaitlərini bizim ölkəyə yönəltməzdilər. Son illərin reallıqları Ulu Öndərin siyasi və iqtisadi uzaqgörənliyini bir daha təsdiqlədi.

Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan regionda strateji ölkə olaraq Bakı Tbilisi-Ceyhan əsas neft və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəmərləri, Böyük İpək Yolu nəqliyyat dəhlizi, onun davamı və tərkib hissəsi olan, bu gün artıq real­lığa çevrilən Bakı-Tbilisi-Qars beynəlxalq  dəmir yolu layihələrində aparıcı dövlət kimi çıxış edır. Bu gün Azərbaycan xalqının ümummilli lideri, dünya miqyaslı dövlət xadimi Heydər Əliyevin başladığı işləri, əsasını qoyduğu daxili və xarici siyasəti möhtərəm prezidenti­miz İlham Əliyev uğurla davam etdirir. Bu siyasət ölkə daxilində Azərbaycanın iqtisadi qüdrətinin artırılmasına, regionların sosial-iqtisadi inkişafına, yeni iş yerlərinin yaradılmasına, əhalinin rifah halının yüksəldilməsinə yönəldilmiş siyasətdir. Bu siyasət ölkənin iqtisadi təməli olan Heydər Əliyevin qüdrətli neft strategiyasına söykənir, əsaslanır.

Prezident İlham Əliyevin şəxsində Azərbaycanın müstəqilliyinin, ölkəmizin sosial-iqtisadi, mə­dəni yüksəlişinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edəcək layiqli davamçısını müəyyənləşdirdi. Azərbaycan bu gün cənab İlham Əliyevin rəhbərliyi altında aydın bir yolla öz parlaq sabahlarına doğru ad­dımlayır. Bu yol Heydər Əliyev yoludur. Davamı müstəqil ­Azərbaycan dövlətinin ömrü qədər sonsuz olan bu yolda hər bir fədakar vətəndaş Heydər Əliyev ideyalarına sadiq olmalı, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməlidir.

Bu, bizim seçimimizdir!

Bu, Azərbaycanın seçimidir!