Azərbaycan MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə uğurlu əməkdaşlıq həyata keçirir

Azərbaycan MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə uğurlu əməkdaşlıq həyata keçirir

Yavər Nuriyev 

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı Rayon Su-kanal İdarəsinin məsul əməkdaşı

“Azərbaycan MDB –nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib.” Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçıları ilə görüşdə deyib. Müstəqil Dövlətlər Birliyinin Əsasnaməsində təşkilatın dövlətlər arasında dostluq əlaqələrinə, mehriban qonşuluq münasibətlərinə, millətlərarası həmrəyliyə, qarşılıqlı anlaşmaya, əməkdaşlığın inkişafına və gücləndirilməsinə xidmət etdiyi vurğulanır. Azərbaycan Respublikası MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir, MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində öz milli maraqlarını rəhbər tutur.

10 noyabr 2020-ci il tarixdə Azərbaycan 30 il davam edən tarixi ədalətsizliyə son qoydu. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi. Həmin tarixdə Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində şərəflə apardığı Vətən müharibəsini tarixi Qələbə ilə başa çatdırdı. 2020-ci ilin noyabr ayının 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatla münaqişənin hərbi mərhələsi başa çatdı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoyuldu. Bu baxımdan, üçtərəfli bəyanatın imzalanması Azərbaycanın hərbi yolla qazandığı qələbənin məntiqi nəticəsi idi. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub.

Bu bəyanat bizim şanlı qələbəmizdir. Bu bəyanatın imzalanmasının səbəblərindən biri də parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir. Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulacaq. Və əlbəttə ki, Bəyanatın ölkəmizə verdiyi ən böyük üstünlüklərdən biri də sonrakı illərdə imzalanmış digər bəyanat və razılaşmalarda Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması faktının təsbit olunmasıdır. 

Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib. Hətta məscidlərdən heyvan saxlamaq üçün tövlə kimi istifadə olunurdu. Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib. Beynəlxalq ekspertlər bunun şahididirlər. Bu yaxınlarda azad edilmiş ərazilərdə səfərdə olan BMT missiyası məhz bunu vurğulayıb ki, bütün humanitar normalara əməl olunub.