Ləman Hacıyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbin direktoru
28 May 1918-ci il tarixi Azərbaycan xalqı üçün əlamətdar bir gün olaraq qalır. Bu tarixdə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulmuşdur və bu hadisə Şərqdə və müsəlman aləmində ilk demokratik, dünyəvi və parlamentli respublikanın yaradılması ilə nəticələnmişdir. AXC-nin yaradılması Azərbaycan xalqının azadlıq, müstəqillik və dövlətçilik əzminin bariz nümunəsi olmuşdur.
AXC-nin yaradılması ilə Azərbaycan xalqı müstəqilliyini dünyaya bəyan etdi və çoxəsrlik dövlətçilik ənənələrini yenidən canlandırdı. İstiqlal Bəyannaməsi imzalanaraq müstəqilliyin rəsmi şəkildə elan edilməsi, xalqımızın azadlıq hisslərini daha da gücləndirdi. AXC, demokratik dövlət quruluşu ilə bütün vətəndaşlarına eyni hüquqlar tanıdı və irqi, milli, dini və sinfi bərabərsizliyi aradan qaldırdı.
AXC, qısa mövcudiyyəti dövründə (23 ay) demokratik ənənələrin formalaşmasına və inkişafına mühüm töhfə vermişdir. İlk milli parlamentin və hökumətin yaradılması, dövlət atributlarının təsis olunması və dövlət quruculuğu sahəsində atılan addımlar, AXC-nin demokratik prinsiplərə sadiqliyini göstərir. Qəbul edilən qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində və ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin edilməsində böyük rol oynamışdır.
AXC-nin xarici siyasətinin əsas məqsədlərindən biri, yeni yaradılmış dövləti dünyaya tanıtmaq və beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmək idi. Bu məqsədlə AXC hökuməti, Paris Sülh Konfransında iştirak etmiş və müttəfiq dövlətlər tərəfindən tanınmaq üçün səylər göstərmişdir. AXC-nin beynəlxalq hüququn subyekti olaraq tanınması, 1920-ci ilin aprelində bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi varlığını qorumasına imkan yaratmışdır.
AXC, Avropa demokratik dəyərləri ilə Şərq mədəniyyətini birləşdirərək xalqın milli və siyasi şüurunun inkişafında mühüm rol oynamışdır. Müstəqillik və azadlıq arzuları ilə yaşayan Azərbaycan xalqı, AXC vasitəsilə öz müqəddəratını təyin etmək qabiliyyətinə sahib olduğunu nümayiş etdirmişdir. AXC dövründə təhsilin ana dilində aparılması qərarı qəbul edilmiş və Bakı Dövlət Universiteti təsis olunmuşdur. Bu addımlar, milli və peşəkar kadrların hazırlanması istiqamətində əhəmiyyətli idi. Həmçinin, ədliyyə sisteminin inkişafı üçün Ədliyyə Nazirliyi təsis edilmiş və məhkəmə sisteminin fəaliyyəti tənzimlənmişdir.
Müstəqilliyi əldə etmək qədər, onu qoruyub saxlamaq da çətin və məsuliyyətli bir vəzifə idi. 1991-ci il oktyabrın 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı, AXC-nin varisi olduğumuzu təsdiq edirdi. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan, müstəqilliyini qoruyub saxlamağı bacardı və ölkədə sabitlik yaratdı. Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda üçrəngli bayrağımız rəsmi dövlət bayrağı kimi təsdiq edilmişdir.
AXC irsinin öyrənilməsinə Ulu Öndərin davamçısı cənab Prezidentimiz də xüsusi diqqət göstərmişdi. AXC ni 100 illiyinin keçirilməsi barədə 2018 ci ildə sərəncam imzalamışdır. 28 May Müstəqillik Günü, Azərbaycan xalqının azadlıq və müstəqillik arzusunun reallaşdığı gündür. AXC-nin yaradılması ilə başlayan müstəqillik yolu, xalqımızın dövlətçilik tarixində qürurverici bir səhifə olaraq qalır. Bu əlamətdar gün, xalqımızın müstəqillik və azadlıq əzminin bir daha təntənəli şəkildə qeyd olunması üçün əhəmiyyətli bir tarixdir. Müstəqillik Günümüz mübarək!