Üzərində şəhid qanı olan qürur mənbəyimiz üçrəngli bayrağımız hər birimizin şərəfi, namusu və and yeridir

Üzərində şəhid qanı olan qürur mənbəyimiz üçrəngli bayrağımız hər birimizin şərəfi, namusu və and yeridir

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası

Suraxanı rayon təşkilatının sədri

Ölkəmizin qüdrəti gücləndikcə, rəşadətli ordumuz irəlilədikcə, torpaqlarımız azad olunduqca dostlarımızın sayı qədər, düşmənlərimizin də sayı artmaqdadır. Özü də özünü dindar, mömin, əstəğfirullah “Allahın, İmamın, Mehdinin qulluqçuları“ adlandıranlar, “din qardaşlığı” adı altında ölkənin sekular yaşayış tərzinə müdaxilə etmək, ölkədə şəriət qanunlarını tədbiq etmək istəyənlər öz arzularına çata bilmədikdə onu xarici ölkələrdə bizə qarşı alçaq hücumlar vasitəsi ilə həyata keçirirlər. Qüdrətli Azərbaycanın gücü xalqı ilə dövlətinin birliyindən, müxtəlifliyi zənginlik kimi qəbul etməyindən, tolerantlığı gündəlik həyat tərzinə çevirməyindən irəli gəlməkdədir.


Kimlərinsə bizə müqəddəs dinimizi öyrətməyinə, Peyğəmbər və onun əhlibeyti haqqında məlumat verməyinə, dinimizin sütunu İmam Əli, onun dinimiz üçün canını qurban vermiş ailəsinin sevgisini, Şiəliyi təbliğ etməyinə ehtiyacımız yoxdur. Biz uzun illər ateist rejimin tərkibində evimizdə üçrəngli cümhuriyyət bayrağı ilə Qurankitabını yan-yana saxlamış, qorumuş xalqıq. İndi özünü dindar adlandırıb Azərbaycan bayrağına əl uzadan Allahsızlar, siz, ən böyük cəzaya həm din qatında, həm də qanunla layiqsiniz.


Diqqətinizi bir məqama çəkmək istərdim ki, dünyada diplomatik nümayəndəlikləri hücuma məruz qalan dövlətlərin sayı elə də çox deyildir. Bunlar ABŞ, Rusiya Federasiyası, İsrail, Türkiyə və bir neçə inkişaf etmiş dünya dövlətləri və nüfuzlu Beynəlxalq təşkilatlardır. Yəni, qüdrətli daxili siyasəti nəticəsində ölkə daxilində qarışıqlıq sala bilmədikləri ölkələrin xaricdəki torpaqları sayılan səfirliklərinə hücum əslində biraz da  acizlik nümunəsidir.


Bu qəbuledilməz və şiddətlə qınamalı olduğumuz hücumun Müqəddəs İslam dini ilə heç bir əlaqəsi, üzvü bağlılığı olmadığını qətiyyətlə ifadə etmək istərdim. İslam sülh, əminamanlıq, qardaşlıq dinidir. Bu hücum dövlətimizin son iki ildə özünün tək başına yaratdığı reallıqlarının dünya tərəfindən qəbul olunması ilə yanaşı, mənfur qüvvələr tərəfindən də qəbul olunmaq istəməməsi kimi də başa düşülməlidir. 
İndiki məqamda ən böyük məsuliyyət ölkəmizin din xadimlərinə, məscidlərimizin axundlarına, imam-camaatlara, ağsaqqallara, mömin qardaş və bacılarımızın üzərinə düşür. Soyuqqanlılığımızı qorumalı, düşmən qüvvələrin bu kimi məqamlardan sui-istifadə etmələrinə imkan verməməliyik. 


Əziz möminlər, bizim ən böyük statusumuz Azərbaycan Respublikasının vətəndaşı olmağımızdır. Bu bizim qürurumuzdur. Dəmir yumruğun ətrafında birləşən dilindən, dinindən, etnik, siyasi, iqtisadi, sosial mənsubiyyətindən asılı olmayaraq hamı bizə doğmadır. Üzərində şəhid qanı olan qürur mənbəyimiz üçrəngli bayrağımız hər birimizin şərəfi, namusu və and yeridir. Ona əl, dil uzatmağın mütləq bir cəzası vardır. Lakin baş verən hadisələrin dinimizlə bir əlaqəsi yoxdur. Bu, terror aktıdır.

Uca Tanrı Müdrik xalqımızı, Müzəffər Ali Baş Komandanımızı, Rəşadətli ordumuzu və Şanlı bayrağımızı qorusun! Amin!