26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür
Aynur Həsənova
YAP Suraxanı rayon təşkilatının üzvü
Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın müəllimi
Bu gün Azərbaycan Ordusunun yaranmasının 106-cı ildönümü tamam olur. 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradılmışdır.
Hərb tariximizin şanlı səhifəsi sayılan, 106 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması, ordumuzun nizami ordu kimi formalaşması və hərbi quruculuq məsələlərinin prioritet məsələ kimi irəli sürülməsi xalqımızın Ümummilli lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımlarının nəticəsidir.
Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bu gün ordumuz müasir dünya orduları ilə müqayisə ediləcək səviyyəyə çatdırılıb. Bu, hər birimizi sevindirir və qürurlandırır. Ali Baş Komandan İlham Əliyevin göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir ki, ölkəmizin müdafiə qabiliyyəti gündən-günə artır, xalq, dövlət, ordu birliyi möhkəmlənir.
Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Azərbaycan öz torpaqlarındakı hücumlara son qoymaq və işğal altındakı torpaqlarını xilas etmək üçün başlatdığı hərəkatla adını tarixə qızıl hərflərlə yazdı. Azərbaycan Ordusu öz nəcib xilaskar missiyasını, Vətənimizi qorumaq, torpaqlarımızı işğaldan azad etmək vəzifəsini şərəflə yerinə yetirdi. Torpaqlarımız uğrunda canını qanını fəda etmiş qəhrəman oğullarımızı, şəhidlərimizin, terror qurbanı olan mülki vətəndaşlarımızın qisası alındı.
Rəşadətli Azərbaycan Ordusu ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilin işğalına son qoydu, ərazi bütövlüyümüzü təmin etdi, Ermənistanı diz çökdürdü. Bu gün xalqımızın böyük qürurla ziyarət etdiyi, dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılan Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun qəhrəmanlığının, şücaətinin təqdimatıdır. Ermənistan silahlı qüvvələrinin məhv edilmiş, yaxud qənimət kimi götürülmüş hərbi texnikasının istər Zəfər Paradında, istərsə də Hərbi Qənimətlər Parkında nümayişi işğalçı dövlətin illərdir yaratdığı “yenilməz erməni ordusu” mifinin dağıldığının nümayişidir.
Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etmiş və düşmən üzərində tarixi zəfər çalmışdır. Cənab Prezidentin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Qətiyyətli Lider, müzəffər ordu və yenilməz xalq birliyi Azərbaycanın yeni və möhtəşəm tarixini yaradır.
Yaşasın Ali Baş Komandan!
Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!