20 sentyabr dövlətçilik tariximizdə əlamətdar gündür

20 sentyabr dövlətçilik tariximizdə əlamətdar gündür

Günay Camalova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü, MnSK-nın sədri

Suraxanı rayonu, 275 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

20 sentyabr Azərbaycan Respublikasının tarixində dövlət suverenliyinin tam bərpa olunması ilə bağlı əlamətdar gündür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi təsis edilib. Sərəncamda 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa edildiyi qeyd olunur.

2023-cü il sentyabrın 19–20-də Qarabağda keçirilmiş antiterror tədbirləri 23 saat 44 dəqiqə davam edib və sentyabrın 20-də başa çatıb. Azərbaycan Prezidentinin rəsmi sərəncamında bu tədbirlərin nəticəsində Azərbaycan Respublikasının suverenliyinin tam bərpa edildiyi bildirilir. Beləliklə, 20 sentyabr yalnız təqvimdə qeyd olunan bir tarix deyil, həm də Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən birini xatırladan gündür.

Dövlət Suverenliyi Gününün təsis edilməsində Prezident İlham Əliyevin imzaladığı sərəncam xüsusi əhəmiyyət daşıyır. Bu tarix Azərbaycan dövlətçiliyinin, ərazi bütövlüyünün və suverenliyinin əhəmiyyətini vurğulayan rəsmi gün kimi qeyd olunur. 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu mövzunun dövlət səviyyəsində diqqətdə saxlanıldığını göstərir.

20 sentyabr həmçinin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis edilib. Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli sərəncamı ilə bu şəhərlərin hər birinin günü 20 sentyabra müəyyən olunub. Bu qərar həmin ərazilərin tarixi yaddaşının yaşadılması və yeni inkişaf mərhələsinin diqqətə çatdırılması baxımından əhəmiyyətlidir.

Bu gün Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir. Xocalıya keçmiş məcburi köçkünlərin qayıdışı 2024-cü il mayın 28-dən başlayıb. Bərpa olunan şəhərlər, yaradılan yeni infrastruktur və doğma yurdlara qayıdış prosesi suverenliyin real nəticələrinin həyatımızda öz əksini tapdığını göstərir.

Dövlət Suverenliyi Günü Azərbaycan xalqının müstəqillik və dövlətçilik tarixinin mühüm səhifələrindən birini xatırladır. Bu əlamətdar tarix şəhidlərimizin əziz xatirəsinin yad edilməsi, qəhrəman hərbçilərimizin xidmətlərinin qiymətləndirilməsi və dövlət suverenliyinin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi məna daşıyır.

Paylaş