“2 Fevral -Azərbaycan Gəncləri Günü”nün təsis edilməsi Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətidir

“2 Fevral -Azərbaycan Gəncləri Günü”nün təsis edilməsi Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətidir

Aysun Süleymanlı

"Odlar Yurdu" universitetinin tələbəsi

YAP Suraxanı rayon təşkilatının fəal gənci

Gənclər cəmiyyətin ən dinamik, yaradıcı və dəyişikliklərə açıq təbəqəsidir. Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın sabahı adlandırmış, onların milli-mənəvi dəyərlərə sadiq, bilikli və vətənpərvər ruhda yetişməsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdir.

Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli fərmanı ilə gənclərin cəmiyyətə fəal inteqrasiyasını təmin etmək, sağlam və vətənpərvər gənc nəsil formalaşdırmaq, bədən tərbiyəsi və idmanın inkişafını təmin etmək, Azərbaycan idmançılarının beynəlxalq arenada uğurlarını artırmaq, müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Gənclər və İdman Nazirliyi yaradılıb.

2 fevral 1996-cı il tarixində isə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev şəxsən iştirak edib. 1 fevral 1997-ci il tarixində forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev “2 fevral – Azərbaycan gənclər gününün elan edilməsi haqqında” sərəncam imzalayıb.  Gənclər Günü MBD məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmağa başlanıb, dünyada isə, yalnız 1999-cu ildə BMT-nin qərarı ilə 12 avqust tarixi  “Ümumdünya Gənclər Günü” elan edilib.

Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin davamçısı olan ölkə Prezidenti, cənab İlham Əliyev də bu gün öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür. 2007-ilin “Gənclər ili” elan edilməsi ölkə tarixində əlamətdar bir hadisə oldu.

Dövlət başçısının müvafiq Sərəncamı ilə “Azərbaycan Gəncliyi Dövlət Proqramı “ təsdiq olundu, 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradıldı. Bu fond hazırda da gənclərin sosial problemlərinin həlli istiqamətində mühüm işlər həyata keçirilir. Burada hər zaman gənclərə dəstək olan Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da fəaliyyətini qeyd etmək lazımdır. Fondun Azərbaycanın mədəniyyətinin, tarixinin, ölkədəki nailiyyətlərinin dünya miqyasında təbliği və tanınmasında böyük rolu var. 

Prezident cənab İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul  tarixində ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Onlarla belə addımlar, qərarlar sadalamaq olar ki, gənclərin inkişafına dövlət qayğısını özündə ehtiva etsin.