15 İyun – Milli Qurtuluş Günü: Müstəqil Azərbaycanın xilası və inkişaf yolunun başlanğıcı
Əfsanə Əliyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Tarixi hadisələr xalqların gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyur. 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, taleyüklü əhəmiyyət daşıyan günlərdən biridir. Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır. Bu sözləri söyləyən Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin ilk illərində hökm sürən ağır siyasi, iqtisadi və sosial böhran şəraitində dövlətimizin xilası naminə bütün ömrünü və potensialını xalqının rifahına həsr etdiyini bəyan etmişdir.
Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşmasından sonra ölkədə ciddi problemlər yaranmağa başladı. 1992-ci ildə cəbhədə baş verən məğlubiyyətlər və ərazi itkiləri dövlətçiliyi ciddi təhlükə altına salmışdı. Hakimiyyət uğrunda mübarizə, xaos və anarxiya ölkəni vətəndaş müharibəsi həddinə çatdırmışdı. Belə bir dövrdə xalq öz xilaskar liderinə ehtiyac duyurdu. 1993-cü ilin iyun ayında xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Bu hadisə tarixə Milli Qurtuluş Günü kimi daxil oldu.
15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilən Ümummilli Lider parlamentdəki tarixi çıxışı ilə dövlətçilik missiyasının yeni mərhələsinin əsasını qoydu. O, çıxışında 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrinə sadiq qalaraq dövlət müstəqilliyinin qorunmasını və inkişaf etdirilməsini əsas vəzifə kimi müəyyənləşdirdi.
Milli Qurtuluş Günü müasir Azərbaycan dövlətçiliyinin xilasını təmin edən və sonrakı illərdə qazanılan böyük uğurların, o cümlədən tarixi Zəfərin təməlini qoyan dönüş nöqtəsi oldu. Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı və beynəlxalq nüfuzunun artması Milli Qurtuluş Günü ilə sıx bağlıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi.” Bu fikir 15 İyunun dövlətçilik tariximizdəki əhəmiyyətini aydın şəkildə ifadə edir. Həmin gün Azərbaycan müstəqilliyini itirmək təhlükəsindən qurtularaq sabitlik və inkişaf yoluna qədəm qoydu.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün də uğurla davam etdirilir. Onun siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirmişdir. Torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün tam bərpa edilməsi Ümummilli Lider Heydər Əliyevin ən böyük arzularından biri idi.
Müdrik dövlət xadimi Heydər Əliyev canından artıq sevdiyi Azərbaycanı qorumaq üçün bütün imkanlardan istifadə etmiş, xalqı birlik və həmrəyliyə səsləmişdir. Bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində Ulu Öndərin arzuladığı güclü, müasir və qüdrətli Azərbaycan dünyada tanınan, nüfuzu artan və nümunə göstərilən dövlətə çevrilmişdir.
15 İyun – Milli Qurtuluş Günü xalqımızın birlik, həmrəylik və dövlətçilik iradəsinin təntənəsi, müstəqil Azərbaycanın xilası və parlaq gələcəyinin başlanğıcı kimi daim böyük ehtiramla qeyd olunacaqdır.