12 Noyabr – Konstitusiya Günü: Müstəqil Azərbaycanın hüquqi bünövrəsi
Ziyafət Rəhimova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Azərbaycan Respublikasının dövlətçilik tarixində 12 Noyabr – Konstitusiya Günü xüsusi önəmə və rəmzi mənaya malik müqəddəs tarixlərdən biridir. Ölkənin konstitusiya quruluşunun inkişaf yolu mürəkkəb və şərəfli mərhələlərdən keçmişdir. Bu tarixin əsaslı təməllərindən biri kimi 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyasının qəbul olunmasını göstərmək olar. Lakin müstəqil Azərbaycan Respublikasının ali hüquqi qüvvəyə malik olan ilk Əsas Qanununun ərsəyə gəlməsi xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı və misilsiz xidmətləri ilə sıx bağlıdır.
Müstəqilliyin bərpasından sonra hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu istiqamətində qətiyyətli addımların atılması zərurəti yaranmışdı. Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi altında fəaliyyət göstərən Konstitusiya Komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiya layihəsi hazırlanmışdır. 1995-ci ildə ümumxalq səsverməsi referendum yolu ilə qəbul edilən bu tarixi sənəd Azərbaycan xalqının inkişafı naminə yeni mərhələyə keçidini rəsmən təsbit etdi. Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi: “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyevin rəhbərliyi ilə ərsəyə gələn Əsas Qanun müasir dünyanın sivil dəyərlərinə, qanunyaradıcılığı təcrübəsinə və xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə əsaslanaraq möhkəm bünövrə formalaşdırmışdır. Konstitusiyada müasir dövrün hüquqi dövlət quruculuğu meyilləri tam nəzərə alınmış, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan olunmuşdur. Bu sənəd ölkədə sabit inkişafı təmin edən, dövlətin strateji fəaliyyət istiqamətlərini müəyyənləşdirən etibarlı hüquqi baza rolu oynayır.
Dövrün tələblərinə və cəmiyyətin dinamik inkişafına uyğun olaraq, müxtəlif illərdə keçirilmiş referendumlar vasitəsilə Azərbaycan Respublikasının Konstitusiyasına mütərəqqi dəyişikliklər və əlavələr edilmişdir. Konstitusiya prinsipinə, normasına və insan hüquqlarının müdafiəsinə nəzarəti həyata keçirən ali konstitusiya ədalət mühakiməsi orqanı kimi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyət göstərir.
Milli dövlətçilik salnaməmizdə mühüm yer tutan bu tarixi sənədin 30 illik yubileyi ərəfəsində "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)" yubiley medalı təsis olunmuş, 2025-ci il isə "Konstitusiya və Suverenlik İli" kimi xüsusi əhəmiyyət kəsb etmişdir. Konstitusiyamız suveren, demokratik və hüquqi Azərbaycanın daimi tərəqqisinin, milli həmrəyliyinin və parlaq gələcəyinin qrantı olaraq qalmaqdadır.