10 noyabr bəyannaməsində ATƏT-in Minsk qrupu və Qarabağın statusu ilə bağlı hər hansısa bir maddə və ya bənd yoxdur

10 noyabr bəyannaməsində ATƏT-in Minsk qrupu və Qarabağın statusu ilə bağlı  hər hansısa bir maddə və ya bənd yoxdur

Natiq Həsənov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, Bülbülə qəsəbə bələdiyyəsinin sədri

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ölkəmizin paytaxtında keçirilən IX Qlobal Bakı Forumu həm müzakirə olunan mövzuların əhəmiyyəti, həm də çoxşaxəliliyi baxımından, dünyanın müxtəlif ölkələrində keçirilən digər beynəlxalq konfrans və forumlardan tamamilə fərqlənir.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.

Prezident İlham Əliyev IX Qlobal Bakı Forumundakı çıxışında bir sıra vacib məqamlara və məsələlərə toxundu. Burada ən vacib məsələlərdən biri də Ermənistanla Azərbaycan arasında vaxtı ilə mövcud olan münaqişənin həlli məsələsidir. Cənab Prezident İlham Əliyev Ermənistana bir daha xəbərdarlıq etdi və Zəngəzur dəhlizinin açılmasının vacibliyini xüsusi olaraq vurğuladı. Ölkə başçısı bir daha qeyd edib ki, regionda sülhün, sabitliyin bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycanın sülh səylərini dəstəkləməli, təxribat xarakterli addımlardan imtina etməlidir.

Dövlət başçısı Zəngəzur dəhlizinin açılmasının önəmini də qeyd edib, bununla bağlı dövlətimizin prinsipial mövqeyini ortaya qoyub. Prezident bildirib ki, əgər Zəngəzur dəhlizi açılmasa, o zaman sülhdən danışmaq çətin olacaq.

Digər önəmli məqam isə ATƏT-in Minsk qrupu ilə bağlıdır. Bu gün Ermənistan nə qədər cəhd etsə də, Minsk qrupunun yenidən dirçəldirməsinə nail ola bilməz. Artıq belə bir qrup yoxdur, bu məsələ bitib. Burada digər bir mühüm məsələ isə ondan ibarətdir ki, Ermənistan çox ciddi nəticə çıxarmalıdır. Əgər Ermənistan nəticə çıxarmasa, Azərbaycan bununla bağlı bir sıra addımları atacaq. Eyni zamanda, qeyd etmək lazımdır ki, ATƏT-in Minsk qrupu və Qarabağın statusu ilə bağlı 2020-ci il 10 noyabr razılaşmasında hər hansısa bir maddə və ya bənd yoxdur. Ona görə də Ermənistan bütün bunları nəzərə almalıdır. Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir.

Qlobal Bakı Forumunu fərqləndirən ən önəmli cəhətlərdən biri də, burada aparılan müzakirələrin hazır geo-siyasi və geo-iqtisadi aspektlərdən uzaq olması, yeni yanaşmalara üstünlük verilməsidir. Qeyd edim ki, Prezident İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı bu məqama xüsusi diqqət çəkdi və bildirdi ki, forumda yeni yanaşmaların müzakirəsi indi heç vaxt olmadığı qədər zəruridir. Bu baxımdan, Forumun işində bu dəfə də bəşəriyyəti ciddi çağırışlar qarşısında qoyan problemlərin həllinə münasibətdə yeni yanaşmaların üstünlük təşkil edəcəyinə inanıram və ümid edirəm ki, Qlobal Bakı Forumu həm də bu istiqamədə müsbət nümunə yarada biləcək".

Azərbaycanın dövlət başçısı Forumdakı çıxışında dünyadakı münaqişələrin sülh yolu ilə həlli, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ədalətli dünya nizamının formalaşdırılmasının vacibliyini qeyd edib. Dövlətimizin başçısının dünyadakı hadisə və proseslərə yanaşma tərzi, qlobal böhran və problemlərə yanaşma forması bir daha Azərbaycanın nə qədər sülhpərvər siyasət yürütdüyünü ortaya qoydu: “Ümumiyyətlə, Prezident İlham Əliyevin Forumda səsləndirdiyi fikirlər, sadəcə ölkəmiz üçün deyil, bütün region və onun gələcək inkişafı üçün yol xəritəsi hesab edilə bilər. Hesab edirəm ki, regionumuzun inkişafı və tərəqqisi üçün bütün region dövlətləri Azərbaycan Prezidentinin çağırışlarını dəstəkləməli, bu çağırışların daha geniş miqyasda reallaşmasına töhfələrini verməlidirlər”.