Ədaləti tək döyüş meydanıında yox, eyni zamanda diplomatik savaş apararaq əldə etmişik.
Günay Əliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin sinif müəllimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. Suverenliyi bərpa olunmuş ölkəmizin jurnalistləri ilə keçirilən müsahibədə prezident müstəqil Azərbaycanın bərpa etdiyi ədalətdən, şanlı qələbəmizdən, yeni dövrün hədəflərindən, əldə edilən nailiyyətlərdən danışdı. Xankəndi zəfərindən sonra keçirilən müsahibədə ilk sual Azərbaycanın son 20 illik fəaliyyəti ilə bağlı oldu. Son 20 ilin tarixi Azərbaycan xalqının düzgün seçimi ilə başlamışdı. Heydər Əliyev siyasətinin davam etdirilməsi sayəsində bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır. 2023-cü ildə 1993-cü ildə əsası qoyulmuş siyasətə etimad göstərilərək bir daha dəstək verildi. Nəticədə Azərbaycan xalqının etimadını qazanaraq prezident seçilən Ali Baş Komandan İlham Əliyev 20 il ərzində xalq qarşısında verdiyi bütün vədləri, qarşıya qoyulan vəzifələri layiqincə icra etdi. Ölkə qarşısında duran əsas vəzifə - ərazi bütövlüyünün bərpası bir neçə ay əvvəl - sentyabr ayında həll olundu. Çıxışda sentyabr hadisələrinin önəmi vurğulandı, sentyabra qədər gedilən yolun məqsədyönlü, məqsədə hesablanmış, düzgün yol olduğu qeyd olundu, bu hadisələr bütün işlərimizin son nidası idi .
Qürur və sevinc hissi ilə Azərbaycan zəfərinin önəmindən danışıldı. Prezident çıxışında bildirdi ki, biz ədaləti tələb edən və bu ədaləti özümüz təmin edən ölkəyik. Güclü dövlət başçısı, ordusu olan xalq qalib gəlməli idi. Amma təəssüflər olsun ki, bizim bu zəfərə beynəlxalq aləmdə şərik olmayanlar bizi ittiham etməyə çalışdılar, təzyiq mexanizmlərini işə salmağa başladılar. Ədaləti tək döyüş meydanıında yox, eyni zamanda diplomatik savaş apararaq əldə etmişik.
Qalib ölkə başçısı işğaldan azad olunmuş ərazilərdə qaldırılan üçrəngli bayrağın yaşatdığı möhtəşəm qürur hissindən bəhs etdi. Prezident bildirdi ki, bu gün biz Xocalıda bayraq qaldıranda əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayraq qaldırılması daha həyəcanlı idi. Xankəndində isə bayrağın qaldırılması ədalətin tam bərpası və zəfərimizin son nöqtəsi idi. Biz azərbaycanlılar bu tarixi anların şahidi olduğumuza görə keçirdiyimiz xoş hissləri sözlərlə ifadə etmək çətindir. Qələbə bizim üçün ümummilli məsələyə çevrildi. Xalqımızın bütün təbəqələri böyük zəfərin əldə olunmasında iştirak etdi. Beynəlxalq tərəfdaşların 30 il ərzində unutdurmağa çalışdığı bu mövzu Ali Baş Komandanın rəhbərliyi ilə tarixi zəfərlə nəticələndi.
Üç saata yaxın davam edən müsahibədə müxtəlif istiqamətlərdəki sualları prezident əsaslı dəlillərlə cavablandırdı. Müasir tariximizin yeni dövründə yeni missiyalar uğrunda fəaliyyətdə xalq hər zaman Ali Baş Komandanın yanında və dəstəkçisi olacaqdır.