Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasəti yüksək səviyyədə həyata keçirilir

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasəti yüksək səviyyədə həyata keçirilir
Arzu Miriyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 65 nömrəli tam orta məktəbin direktoru
1993-cü ilin iyununda xalqımız vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda öz taleyini yalnız Heydər Əliyevə etibar etdi. Xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyev siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimais-iyasi pərakəndəlikdən qurtardı. Məhz Heydər Əliyev dühası Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini, Azərbaycanın iqtisadiyyatını dağılmaq, məhv olmaq təhlükəsindən xilas etdi. Ən əsası isə, bunun üçün ümummilli liderimizə o qədər də uzun bir vaxt tələb olunmadı.
1994-cü ildə Heydər Əliyevin neft strategiyasının reallaşdırılmasını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan xalqının öz maddi sərvətlərinin, o cümlədən neftinin həqiqi sahibi kimi çıxış etməsinin təntənəsinə çevrilmişdir. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açmış, dinamik inkişafın təməlini təşkil edərək müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada analoqu olmayan templə davamlı inkişafı üçün zəmin yaratdı. Bununla da Azərbaycanın beynəlxalq sferada nüfuzu artmağa, yeni layihələrdə iştirakı ilə iqtisadi cəhətdən güclənmə dövrü başlamış oldu. Bir sıra beynəlxalq əhəmiyyətli sərgilər və tədbirlərə ev sahibliyi edən ölkəmizə maraq günü-gündən artmağa doğru getdikcə Azərbaycanın etibarlı tərəfdaş imici formalaşdı. Əlbəttə ki, ilk növbədə bu prosesi həyata keçirən dövlət başçısı cənab İlham Əliyev Ulu Öndərin başlatdığı siyasəti ardıcıl olaraq həyata keçirməklə bu günkü vəziyyətə nail oldu.
Cari ilin 31 may tarixində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin keçirilməsi də bu inkişafdan, münasibətlərin bu səviyyədə yüksəlişindən xəbər verir. Dünyanın aparıcı dövlətlərinin- ABŞ və Böyük Britaniyanın dövlət başçılarının sərgiyə göndərdikləri məktublar da bunu sübut edir. Nəhəng neft şirkəti olan BP şirkəti ilə uzunmüddətli əməkdaşlıq kifayət qədər əhəmiyyətli olmuşdur. Sərginin açılışında iştirak və çıxış edən cənab Prezident İlham Əliyev vəziyyəti yüksək səviyyədə qiymətləndirmiş və gələcək fəaliyyətin istiqamətlərini göstərmişdir.
Ölkə başçısı bildirmişdir ki, “1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin ildə “Əsrin müqaviləsi” imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu.”
Aparıcı dövlətlərin Azərbaycanın enerji siyasətinə münasibətini şərh edən ölkə başçısı bu münasibətin dəstək formasında olmasını qeyd edərək bildirmişdir: “Biz 30 il ərzində enerji sahəsində uğurlu əməkdaşlıq edirik. Bu gün isə artıq bu sahələr şaxələndirilir, ABŞ və Böyük Britaniya hökumətləri hər zaman bizim bütün təşəbbüslərimizi dəstəkləyiblər ki, Azərbaycan öz resurslarını inkişaf etdirə bilsin. Əvvəlcə bu, neftə aid idi, indi isə qaz sahəsi burada söhbət mövzusudur. Biz nəhəng enerji infrastrukturu yaratmışıq ki, bu, Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi, əlbəttə ki, milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur.”
Bir zamanlar enerji qıtlığı yaşayan Azərbaycan indi nəhəng enerji ixracatçısıdır və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bir sıra Avropa ölkələri Azərbaycandan aldığı qaz hesabına öz problemlərini həll edirlər və ölkəmizlə əlaqələr yüksək səviyyədə inkişaf edir. Təbiidir ki bu, ilk növbədə düzgün qurulmuş xarici siyasətin tərkib hissəsidir. Cənab Prezident Cənub Qaz Dəhlizi layihəsində ölkəmizin iştirakını qeyd edərək bildirmişdir: “Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının müsbət məqamları olduqca çoxdur və gələcək potensial da olduqca genişdir. Avropa İttifaqı ilə Azərbaycan ötən ilin iyulunda enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Memorandum uğurla icra edilir. Ölkəmiz Avropa İttifaqı ilə bərabər, Cənub Qaz Dəhlizi Məşvərət şurasının üzvüdür.”
Ölkəmizin enerji potensialının böyük olması, əhəmiyyətli layihələrin həyata keçirilməsi gələcəkdə bu sahələr üzrə işlərin aparılmasını nəzərdə tutan layihələr ölkəmizin iqtisadi gücünü artırmaqla yanaşı, siyasi mövqeyini də gücləndirəcəkdir. Cənab Prezident bu prosesin uğurla davam etdirildiyini qeyd edərək gələcək inkişaf perspektivlərini açıqladı: “Əlbəttə, görüləcək işlər çoxdur, TANAP genişlənməlidir, TAP genişlənməlidir. Bizim digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır və Balkanlarda belə bir çıxışımız olmalıdır. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir. Ona görə də biz bu komanda işini davam etdirməliyik. Dediyim kimi, Cənub Qaz Dəhlizi layihəsi artıq başa çatsa da, Məşvərət Şurasının işi hər il fevral ayında Bakıda davam edir. Növbəti toplantı üzümüzə gələn fevral ayında Bakıda keçiriləcəkdir. Çünki artıq yeni iştirakçılarımız var, yeni ideyalarımız var, planlarımız var. Biz bunları reallaşdırdıqca, bütün işlərimiz uğurla gedəcəkdir.”
Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu “Əsrin müqaviləsi” və Azərbaycanın enerji strategiyası bu gün onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirilməklə bərabər, həm də yeni layihələr və müqavilələrlə inkişaf etdirilir. TAP, TANAP, Cənub Qaz Dəhlizi kimi qlobalı layihələrə imzasını atan ölkə başçısı sözü də imzası qədər etibarlı olan lider olaraq Azərbaycanı etibarlı tərəfdaş və Avropanın enerji təhlükəsizliyində mühüm rola malik dövlətə çevirmişdir.