YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 104 nömrəli tam orta məktəbin direktoru
Bu il Xocalı soyqırımından 32 il keçir. Hər il biz Xocalı faciəsinin qurbanlarını yad edir, Bakının mərkəzində ucaldılmış - faciə qurbanlarına həsr olunmuş abidəni ziyarət edir, müəyyən tədbirlərdə iştirak edirik.Bu il- 2024-cü ildə soyqırım qurbanlarının xatirəsi məhz Xocalıda- 2023-cü ilin sentyabr ayında Antiterror əməliyyatı nəticəsində öz suverenliyinə qovuşmuş Xocalıda anıldı.
Möhtərəm Prezidentimiz İlham Əliyev Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, öz ürək sözlərini Xocalı soyqırımının canlı şahidləri ilə bölüşmüşdür. 26 fevral 2024-cü ildə soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Xocalıda Memorial Kompleksin təməli qoyulmuşdur. Prezident görüşdə qeyd etmişdir ki, Xocalı qurbanlarına həsr olunmuş Memorial Kompleksin layihəsi çoxdan hazır idi. Ancaq tikintisi hər il təxirə salınırdı. Bu, Xocalının azadlığa qovuşacağı günə olan inam idi, Xocalıya qayıdış inamı idi. Belə də oldu.
Neçə illər ərzində “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində özünü göstərmişdir, bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar, məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur.Ancaq təəssüf ki, “Xocalıya ədalət!” çağırışı cavabsız qaldı. Cəmi 18 ölkə bizim səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır. Ali Baş Komandan görüşdə çox gözəl vurğuladı ki, bu ədaləti özümüz bərpa etməliydik. Belə də oldu. Bu ədaləti bərpa etməyə zaman lazım idi. Bu zaman yetişdi.
2020- ci ildə 44 günlük müharibə nəticəsində işğal altında olan bir çox şəhər və kəndlərimiz mübariz ordumuz tərəfindən geri alındı.2023- cü il sentyabr ayında aparılmış Antiterror əməliyyatı nəticəsində isə Xocalı daxil olmaqla bütün ərazilər azad edildi.Oktyabrın 15-də Xocalıda Azərbaycan bayrağı qaldırıldı.İndi artıq sevinc və qürur hissi ilə deyə bilirik ki, biz ədaləti bərpa etmişik.
Xocalı faciəsi ilə mənfur düşmənlərimiz xalqımızın gözünü qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. Bütün dünya əmin oldu ki, Azərbaycan xalqı yenilməz xalqdır, Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm bacarıqlıdır.
Hazırda bütün Qarabağda olduğu kimi Xocalıda da quruculuq işləri gedir,yaşayış məntəqələrinin sayı artır,yurd-yuvasından ayrı düşmüş insanlar mərhələlərlə öz doğma torpaqlarına qayıdırlar.
Xocalı faciəsinin qurbanlarının intiqamı döyüş meydanında alındı.Biz bu gün şəhidlərimizi qürur hissi ilə anırıq və onlara Allahdan rəhmət diləyirik. Prezidentimizin sözləri ilə desək:”Xocalı qurbanlarının bu gün ruhu şaddır, Allah onlara rəhmət eləsin.”