24 aprel 2025-ci il tarixində Suraxanı rayon Heydər Əliyev Mərkəzində Akademik Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş “Zərifə Əliyeva: elmin və nəcibliyin
simvolu” adlı dəyirmi masa keçirildi. Tədbirdə Suraxanı rayon İcra Hakimiyyəti başçısının köməkçisi Nazim Fətullayev, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Əmircan bələdiyyəsinin üzvü Cəlaləddin Əhmədov, Hövsan qəsəbə sakini Əjdər Şəfiyev, rayon səhiyyə müəssisələrinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova açaraq qeyd etdi ki, Zərifə xanım Əliyeva təvazökarlığı, sadəliyi, iti məntiqi təfəkkürü ilə təkcə məktəb illərində deyil, həmçinin universitet illərində də müəllimlərin və tələbələrin diqqətini cəlb etmişdir. O, yalnız gözləri müalicə etmədi – insanların gələcəyinə də nur saçmağı bacardı. Zərifə xanımın oftalmologiya sahəsindəki xidmətləri onun dərin elmi düşüncə qabiliyyətinin, zəhmətsevərliyinin və insanlara olan sevgi dolu münasibətinin məhsulu idi. Amma o, yalnız “alim” olmaqla kifayətlənmədi, həm də bir ailə sütunu, bir həyat yoldaşının gizli gücü idi. Onun işıqlı xatirəsi və elmi irsi bu gün də yüzlərlə gənc həkimə və tədqiqatçıya ilham verir. Zərifə xanımın adını daşıyan hər bir müəssisə, onun qoyduğu dəyərlərin yaşadıldığının sübutudur.
Suraxanı rayon İcra Hakimiyyəti başçısının köməkçisi Nazim Fətullayev, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək qeyd etdi ki, Zərifə xanım Əliyeva bir çox xəstəliklərin yaranma səbəblərini aşkar edərək, həmin xəstəliklərin müalicə üsullarını taparaq ölkəni bəlalardan qurtarmışdır.Onun oftalmologiya sahəsində apardığı elmi tədqiqatlar nəinki ölkəmizdə, həm də beynəlxalq miqyasda böyük əhəmiyyət kəsb edirdi. O, öz həyat yolu ilə bizə göstərdi ki, insan öz peşəsinə, vətəninə və ailəsinə sadiq qalaraq tarixdə iz qoya bilər. Zaman keçsə də, onun əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq və gələcək nəsillərə işıq tutacaq. Əmircan bələdiyyəsinin əməkdaşı Cəlaləddin Əhmədov, Hövsan qəsəbə sakini Əjdər Şəfiyev Zərifə xanım Əliyevanın göz müayinəsi qəbulunda olarkən onunla bağlı xatirələrindən danışdılar.
Tədbir iştirakçıları Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş guşə ilə tanış oldular və Ümummilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiyaya baxdılar.