Zərifə xanım Əliyeva öz bilik və bacarığını xalqa həsr etmiş böyük şəxsiyyətdir-fenomendir!

Zərifə xanım Əliyeva öz bilik və bacarığını xalqa həsr etmiş böyük şəxsiyyətdir-fenomendir!

Mətanət Məmmədova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu 282 nömrəli tam orta məktəbin müəllimi

Oftalmologiyamızın tükənməz xəzinəsi Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və coxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir şəxsiyyət kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər,yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

Akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş,xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi, müalicə metodlarının tapılıb aşkar edilməsi yollarında dəyərli elmi-tədqiqatlar aparmışdır.

Böyük alimin elmi-tədqiqatlarının biri gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqinə həsr edilmişdir. Apardığı elmi-tədqiqat işlərinin nəticələri onun “Yaşla əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi”, “Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası” adlı monoqrafiyalarında ətraflı öz əksini tapmışdır.

Zərifə xanım  Əliyeva sözün əsl mənasında bu sahənin ilk pioneri olmuşdur. Alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasının araşdırılması üçün elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin - “peşə oftalmologiyası “nın əsasını qoymuşdur. Oftalmologiyada peşə xəstəlikləri problemi Zərifə xanımın adı ilə bağlıdır. Bu sahənin sənaye  ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə böyük şöhrət gətirmiş, onu dünya oftalmologiya məkanında məşhurlaşdırmışdır.

Elmdə ilklərə imza atan Zərifə xanım Əliyeva yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş və bu xəstəliklərin profilaktikası üzərində işləyib onlara qarşı tədbirlər hazırlamışdır. Onu bu tədqiqatları dünyada analoqu olmayan tədqiqatlar sırasındadır. Alimin “Şin istehsalında gözün peşə patologiyası”, ”Xronik yod intoksikasiyası zamanı oftalmologiya” və “ Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi qiymətli monoqrafiyaları uğurlu işlərin mükəmməl nəticələri kimi dəyərləndirilmişdir.

Oftalmologiya sahəsində müxtəlif mükafatlara layiq görülən Zərifə xanım Əliyevaya ömür möhlət versəydi, bu sahədə yeni mükəmməl bir məktəbin rəhbəri ola bilərdi. Məşhur alim ən mötəbər mükafata-SSRİ Tibb Elmləri Akademiyasının M.İ. Averbax adına mükafatına layiq görülmüşdür.

Ülvi keyfiyyətlərə malik olan akademik Zərifə xanım öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer vermişdir. Bu mövzuya dair baxışlarını oftalmoloji ictimaiyyət və praktik həkimlər tərəfindən rəğbətlə qarşılanmış “Həkimin yüksək vəzifəsi” və” Oftalmologiyanın aktual problemlər” monoqrafiyalarında ətraflı işıqlandırmişdir. Bu böyük alimin mənəvi zənginliyi, vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışları onun “Həkimin əxlaqi tərbiyəsi,deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində ətraflı şəkildə əks olunmuşdur.

Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəsti-xətti olan novator bir alim kimi, həm də elmi-tədqiqat sahəsində, pedaqoji fəaliyyətində də çoxşaxəli işlər aparmış, yüksək ixtisaslı gənc alimlərin yetişməsində əlindən gələni etmişdir.

Dünya oftalmologiya elminin tanınmış simaları böyük alim haqqında:- Moskva oftalmoloji məktəbi Zərifə xanımı oftalmologiyanın mirvarisi adlandırırdı. Biz, dünya oftalmologiya elm sahəsinə böyük töhfələr vermiş Zərifə xanım Əliyevanı sevmişik,sevirik və hər daim, ömrümüzün sonuna qədər sevəcəyik! Çünki Zərifə xanım Əliyeva öz bilik və bacarığını xalqa həsr etmiş böyük şəxsiyyətdir-fenomendir!