Zəfər bizim ruhumuz, sülhün rəmzidir
Aygun Allahverdiyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 277 saylı uşaq bağçası və körpələr evinin müdiri
8 Noyabr Zəfər Günü – 30 illik işğal dövrünə son qoyan, bizi 44 günlük Vətən müharibəsinə aparan yolun və əldə edilən şanlı Qələbəmizin zirvəsidir. 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi, Azərbaycan xalqının tarixi ədaləti bərpa etdiyi zəfər baharına çevrildi. Azərbaycanın hərbi-siyasi qələbəsi Ermənistanı kapitulyasiya aktına imza atmağa və dünya ölkələri qarşısında baş əyməyə məcbur etdi. Bu Zəfər Böyük Qayıdışa, regionda və dünya siyasətində yeni sülh sazişlərinə yol açdı. Dövlət Suverenliyi Gününün milli əsaslarını təşkil edən başlıca amil – maraqlarımızı qoruyan xalq-ordu birliyi və əmin-amanlıq Zəfərimizin başlanğıcı oldu.
Müasir hərb tarixinə XXI əsrin yeni nəsil müharibəsi kimi düşən 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığını, texnoloji üstünlüyünü və sarsılmaz döyüş ruhunu nümayiş etdirdi. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Uzun illər danışıqlar masasında öz prinsipiallığını göstərən Azərbaycan, eyni zamanda güclü və yenilməz bir ordu yaratdı. Şübhəsiz ki, ordumuzun müasir texnikaya, güclü zirehli maşınlara, pilotsuz uçuş aparatlarına (PUA) və atıcı silahlara olan ehtiyacı dövlətimizin maliyyə gücü və xalqımızın sarsılmaz dəstəyi ilə tam təmin olundu.
Qarabağ müharibəsi boyu işğalçı dövlət olan Ermənistan öz mənfur siyasətindən əl çəkməsə də, güclü ordumuzun qətiyyəti nəticəsində hər zaman geri çəkilməyə məcbur edilmişdir. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı və 2020-ci ilin Tovuz döyüşləri bu rəşadətin bariz nümunələridir. Tarix boyu torpaqlarımızın qəsb edilməsi və soydaşlarımızın qətlə yetirilməsi yaddaşımızda dərin izlər buraxsa da, qəhrəman hərbçilərimizin şücaəti, şəhidlərimizin qanı və canı bahasına bütün dünya Azərbaycanın Şanlı Qələbəsinin şahidi oldu. Qarabağ torpaqları qarış-qarış düşmən əsarətindən qurtuldu.
Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın qazandığı diplomatik uğurları çağdaş tariximizin ən şanlı səhifələrindən biri kimi qiymətləndirmişdir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə illərlə əməl etməyən Ermənistanın işğalçı mahiyyəti hər zaman beynəlxalq tribunalardan diqqətə çatdırılmışdır. Dövlət başçısı ikitərəfli oyunlar oynayan xarici qüvvələrin qarşısında Azərbaycanın haqlı səsini ucaltmış və nəhayət, BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququna əsaslanaraq tarixi ədaləti öz gücümüzlə bərpa etmişdir. Ermənistan rəhbərliyi isə öz mənfur xəyallarından əl çəkməyə məcbur edilərək regionda sülh və danışıqların yeganə real yol olduğunu anladı.
Bu günün reallıqlarına əsaslanaraq, "Böyük Qayıdış" Proqramının uğurlu icrasını təmin edən mühüm addımlar atılır. Azad olunan torpaqlara, dədə-baba yurdlarına dönən yüzlərlə insan indi öz evində azad və firavan yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük qətiyyəti, şəhidlərimizin rəşadəti və qazanılan şanlı qələbə Azərbaycan xalqının birlik və həmrəyliyinin ən uca təzahürüdür.
Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!