Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir

Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir

Zakir Cəfərov

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 43 saylı şəhər poliklinikasının həkim-cərrahı 

Parlamentə altıncı çağırış seçkilər ölkəmizdə həyata keçirilən islahatlar, davam etdiriləcək tədbirlər və Milli Məclisin yeni tərkibi qarşısında qoyulan məsələlər baxımından tarixi əhəmiyyət kəsb edir. Prezident qeyd etdi ki, seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib: “Seçkilər bir daha bizim siyasi xəttimizin xalq tərəfindən yüksək qiymətə layiq olduğunu göstərdi. Hesab edirəm ki, seçkilərdən sonrakı proseslər müsbət istiqamətdə inkişaf edəcək. Yeni  tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır”, – deyə prezident qeyd etdi.

Proqram xarakterli çıxış Milli Məclis qarşısında da bir sıra prioritetlər müəyyənləşdirdi. Beləliklə, yeni parlament hansı istiqamətlər üzrə xüsusi olaraq səylə işləməlidir? Birincisi - siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün qanunvericilik təşəbbüsləri; İkincisi - sosial-iqtisadi sahədə aparılan islahatlara dəstək; Üçüncüsü - beynəlxaq müstəvidə fəaliyyət.  Ötən 4 il ərzində deyə bilərik ki, Milli Məclis öz işinin öhdəsində ləyaqətlə gəlməkdədir.

Azərbaycan dövləti insan hüquq və azadlıqlarının təmin olunması, demokratik dəyərlərin möhkəmlənməsində maraqlıdır və hüquqi-siyasi sahədə aparılan islahatlar bu prioritetin həllinə yönəlib. Altıncı çağırış Milli Məclisin çoxpartiyalı məclis kimi formalaşması bu çağırışdan irəli gəlir. Növbəti mərhələdə bu parlament öz çoxpartiyalı tərkibi ilə demokratik prinsiplər əsasında siyasi islahatlara da öz mühüm töhfəsini verməlidir.

Prezident qeyd edib ki, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edir ki, bu, demokratiyanın inkişafında önəmli addımdır. Bildiyimiz kimi, Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. 

Beləliklə, dövlət başçısının ifadə etdiyi kimi, Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır və bu yeni modeldə Milli Məclisdən də gözləntilər var: “Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”.