YAP yenidən və bir daha qalib gələcək

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonunda fəaliyyət göstərən bələdiyyələr üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri ilə görüş keçirilib. Görüşdə həmçinin YAP-ın Suraxanı rayonu üzrə seçki qərargahının üzvləri və Dairə Seçki Komissiyaları üzrə təyin edilmiş məşvərətçi səs hüquqlu üzvlər də iştirak etmişlər.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Suraxanı rayonunda fəaliyyət göstərən 6 bələdiyyə üzrə 90 nəfər Yeni Azərbaycan Partiyasının üzvünün namizəd kimi mübarizə aparacağını bildirib. Yerli təşkilatın sədri ölkəmizdə bələdiyyələrin yaranma tarixi, ötən dövr ərzindəki fəaliyyətləri, dövlətimiz tərəfindən yerli özünüidaəetmə orqanlarına göstərilən dəstək barədə məlumat verib. Daha sonra Suraxanı rayonunda fəaliyyət göstərən bələdiyyələrin fəaliyyəti haqqında ətraflı məlumat verərək onların işinin qənaətbəxş olduğunu vurğulamışdır.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov yeni formalaşacaq bələdiyyələrin öz gələcək fəaliyyətlərini daha da dərindən təkmilləşdirməli olduqlarını bildirmişdir. Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində bələdiyyələrin ərazisində yerləşən bütün vətəndaşlarla görüşlərin təşkil edilməsinin və onların qayğıları ilə maraqlanmağın əhəmiyyətini diqqətə çatdıran yerli təşkilatın sədri bütün YAP namizədlərinə uğurlar arzulamışdır.
Görüşdə çıxış edən seçki qərargahının üzvləri və bələdiyyə üzvlüyünə namizədlər hakim partiya olan YAP-ın yenidən və bir daha qalib gələcəyinə olan inamlarını ifadə etmişlər. Bunun üçün var qüvvələri ilə çalışacaqlarını vurğulamışlar.
Sonda bələdiyyə üzvlüyünə namizədləri maraqlandıran suallara yerli təşkilatın sədri tərəfindən cavab verilmişdir.