YAP Sədrinin müavini ilə Çinin Azərbaycandakı səfiri arasında görüş keçirilib

YAP Sədrinin müavini ilə Çinin Azərbaycandakı səfiri arasında görüş keçirilib

Mayın 20-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey arasında görüş keçirilib.

Tahir Budaqov Lu Meyi Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edib, onun ölkələrimiz arasındakı konstruktiv əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edərək uğurlar arzulayıb.

Təbrikə görə minnətdarlığını bildirən səfir Lu Mey Çinin etibarlı strateji tərəfdaşı olan Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu ifadə edib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin iki ölkə arasında əlaqələrin inkişafına böyük önəm verdikləri, dövlət başçılarının iradələri sayəsində hərtərəfli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində məqsədyönlü fəaliyyətin həyata keçirildiyi qeyd olunub. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin cari ilin aprel ayında Çinə rəsmi dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması çoxşaxəli işbirliyinin inkişafına əlavə təkan verərək dövlətlərarası münasibətlərin yeni mərhələyə yüksəlməsini şərtləndirib.

Bir-birinin ərazi bütövlüyü və suverenliyinə birmənalı dəstək verən Azərbaycan ilə Çinin dost və tərəfdaş dövlətlər kimi beynəlxalq müstəvidə əməkdaşlığı xüsusi diqqət mərkəzində saxladıqları qeyd olunub. Avrasiyada təhlükəsizliyin və qarşılıqlı faydalı işbirliyinin gücləndirilməsinin tərəfdarı kimi çıxış edən hər iki ölkənin müxtəlif istiqamətlərdə, o cümlədən ticari-iqtisadi, nəqliyyat-logistika, mədəni, humanitar, “yaşıl enerji” və digər sahələrdə əlaqələri genişləndirməkdə maraqlı olduqları vurğulanıb.

Görüş əsnasında Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası (ÇKP) arasında fəal siyasi dialoq şəraitində sıx təmasların, o cümlədən qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib, bu xüsusda 2024-cü ilin noyabr ayında YAP nümayəndə heyətinin Çinə səfəri zamanı ÇKP ilə əməkdaşlıq memorandumunun imzalanmasının ölkələrarası münasibətlərin daha da möhkəmlənməsinə önəmli töhfə olduğu bildirilib. Memorandumdan irəli gələn vəzifələrin bugünədək uğurla yerinə yetirildiyi, partiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan səmərəli işbirliyinin inamla davam etdirildiyi qeyd olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.