YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Zığ qəsəbəsi, Zığ yolu yataqxana 1 ünvanında yerləşən ərazi partiya təşkilatının üzvlərinin iştirakı ilə toplantı keçirilmişdir. YAP üzvləri ilə görüşdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov və məsləhətçisi Ənvər Haqverdiyev iştirak etmişlər.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov iclası açıq elan etdikdən sonra Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Salman Əbdülov bugünkü iclasın gündəliyində iki məsələ - ƏPT-nin sədrinin və sədr müavininin seçilməsinin nəzərdə tutulduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı.
YAP-ın üzvü, şəhid atası Uğur İslamov tərəfindən ƏPT-nin sədri vəzifəsinə Arzu Aslanovanın namizədliyi irəli sürülmüş və səsvermə nəticəsində Arzu Aslanova sədr seçilmişdir. Yeni seçilmiş ƏPT-nin sədri Arzu Aslanova YAP-da uzun müddət səmərəli fəaliyyətini nəzərə alaraq Nurlana Həbibovanın ƏPT-nin sədr müavinliyinə namizədliyini irəli sürmüş və səsvermə nəticəsində Nurlana Həbibova ƏPT-nin sədr müavini seçilmişdir.
Yeni seçilmiş ƏPT-nin sədri Arzu Aslanova və sədr müavini Nurlana Həbibova göstərilən etimada görə YAP üzvlərinə öz dərin minnətdarlıqlarını bildirərək, demişlər ki, ƏPT-də bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçotunun operativliyi, dəqiqliyi yüksək səviyyədə aparılacaqdır.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək ƏPT-nin yeni seçilmiş sədrinə və sədr müavininə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq demişdir ki, Azərbaycan öz müstəqillik tarixi ərzində milli prinsiplərə sadiq qalaraq 30 ilə yaxın davam edən işğala son qoydu və beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü bərpa etdi. Bu fakt yeni dünya nizamının qurulmasında güc və ədalətin uzlaşmasının mümkünlüyünü göstərən real nümunə oldu.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev çıxış edərək yerli özünüidarəetmə institutunun önəmini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyevin bələdiyyələrə olan diqqətindən söhbət açaraq bu sahənin əhəmiyyətini vurğulamışdır. Ənvər Haqverdiyev bildirmişdir ki, ümumillikdə Zığ qəsəbəsi, Zığ yolu yataqxana 1 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçotunun operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır.
Daha sonra ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmışdır.