YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi Elxan Həsənov küçəsi 47 ünvanında yerləşən ərazi partiya təşkilatının üzvlərinin iştirakı ilə toplantı keçirilmişdir. YAP üzvləri ilə görüşdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov və məsləhətçisi Ənvər Haqverdiyev iştirak etmişlər.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov iclası açıq elan etdikdən sonra Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Salman Əbdülov bugünkü iclasın gündəliyində iki məsələ - ƏPT-nin sədrinin və sədr müavininin seçilməsinin nəzərdə tutulduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı.
YAP fəalı Cəlaləddin Əhmədov tərəfindən ƏPT-nin sədri vəzifəsinə Emil Yusifovun namizədliyi irəli sürülmüş və səsvermə nəticəsində Emil Yusifov sədr seçilmişdir. Yeni seçilmiş ƏPT-nin sədri Emil Yusifov YAP-da səmərəli fəaliyyətini nəzərə alaraq Yunis Əsgərlinin ƏPT-nin sədr müavinliyinə namizədliyini irəli sürmüş və səsvermə nəticəsində Yunis Əsgərli ƏPT-nin sədr müavini seçilmişdir.
Yeni seçilmiş ƏPT-nin sədri Emil Yusifov və sədr müavini Yunis Əsgərli göstərilən etimada görə YAP üzvlərinə öz dərin minnətdarlıqlarını bildirərək, demişlər ki, ƏPT-də bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçotunun operativliyi, dəqiqliyi yüksək səviyyədə aparılacaqdır.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək ƏPT-nin yeni seçilmiş sədrinə və sədr müavininə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq demişdir ki, Azərbaycan müstəqilliyinin ilk illərində çoxsaylı təhlükələrlə üzləşmiş, ağır sınaqlardan keçmişdir. Daxili çəkişmələr, dövlət idarəçiliyindəki özbaşınalıq və səriştəsizlik, ağır siyasi və iqtisadi böhran ölkəni vətəndaş müharibəsi astanasına gətirmiş, onun gələcək taleyini sual altına qoymuşdu. Salman Əbdülov xüsusi qeyd etmişdir ki, biz eyni taleyi yaşamamaq üçün öz əqidəmizə daha çox sadiq olmalıyıq.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev çıxış edərək bələdiyyələrlə bağlı dünya təcrübələrindən nümunələr gətirərək demişdir ki, yerli özünüidarə orqanları seçkilərdə partiyaların siyasi, ideoloji mübarizələri nəticəsində formalaşırlar. Ənvər Haqverdiyev bildirmişdir ki, ümumillikdə Əmircan qəsəbəsi Elxan Həsənov küçəsi 47 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçotunun operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır.
Daha sonra ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmışdır.