YAP Suraxanı rayon təşkilatının rəhbərliyi təşkilatın məsləhətçisi Kürsüm Həsənovanı təbrik etmişdir
30.09.2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın aparatının əməkdaşları YAP Suraxanı rayon təşkilatının inzibati binasında uzun illər partiyaya ləyaqətlə xidmət etmiş Həsənova Kürsüm Məzahir qızını 60 illik yubileyi münasibəti ilə təbrik etmişlər.
Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, Kürsüm Həsənova uzun illərdir ki, öz mənalı ömrünü müstəqil Azərbaycan dövlətinin çiçəklənməsinə və Yeni Azərbaycan Partiyasının inkişafına həsr etmişdir. Partiya işində uğurları ilə yanaşı onun təhsil həyatındakı fəaliyyəti də təqdirəlayiqdir. Xüsusi ilə də Suraxanı rayonunda həyata keçirilmiş tədbirlərin reallaşdırılmasında Kürsüm xanımın rolu və xidmətləri müstəsnadır.
Yerli təşkilatın sədri onu da qeyd etmişdir ki, Kürsüm Həsənovanın Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında fəaliyyəti özündən sonra gələn nəsillər üçün vətəndaşlıq nümunəsidir. O, ləyaqətli, işgüzar, savadlı mütəxəssis, vicdanlı, öz işinə məsuliyyətlə yanaşan, kollektiv arasında hörmət qazanan bacarıqlı bir ziyalı, dünyagörüşülü, təcrübəli, xeyirxah insan olmaqla yanaşı, həm də doğma partiyamıza sədaqətlə xidmət etmiş, bu dövr ərzində ölkədə keçirilən bütün seçkilərdə fəallığı ilə seçilmişdir. Dövlətimizin, Ulu Öndər Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin haqlı siyasətinin geniş kütlələr arasında təbliğində aktiv iştirak etmişdir.
Göstərilən diqqətə və qayğıya görə yubliyar Kürsüm Həsənova YAP Suraxanı rayon təşkilatına və onun sədri Vüqar Seyidova öz dərin minnətdarlığını bildirmişdir. Kürsüm xanım bildirmişdir ki, bundan sonra da doğma partiyaya ləyaqətlə xidmət etməyə davam edəcəkdir.