YAP Suraxanı rayon təşkilatının nümayəndələri Şəhid Teymur Zeynalovun bulaq-xatirə kompleksinin açılış mərasimində iştirak etmişlər
28 mart şəhid Zeynalov Teymur Tağı oğlunun doğum günüdür. Doğum günü münasibəti ilə 28.03.2022–ci il tarixində adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş bulaq-xatirə kompleksinin açılış mərasimi keçirilib. Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər iştirak etmişlər.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər şəhid Teymur Zeynalovun ailəsinin qayğıları ilə maraqlanmışlar.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan bütün şəhidlərimizə rəhmət diləmişdir. Vüqar Seyidov xüsusi vurğulamışdır ki, şəhid atası Tağı Zeynalov uzun illərdir ki, Suraxanı rayonunda neft sənayesində çalışır və YAP Suraxanı rayon təşkilatının fəal üzvüdür.
Qeyd edək ki, şəhid Zeynalov Teymur Tağı oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.