YAP Suraxanı rayon təşkilatı tərəfindən Şəhid İsa Məmmədovun nənəsinin müraciətinə müsbət cavab verilmişdir
Vətən Müharibəsi şəhidi əsgər Məmmədov İsa Nazim oğlunun yaşlı nənəsi Fatma Paşayeva Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndələri tərəfindən ailəni növbəti ziyarət zamanı müraciət edərək bildirmişdir ki, həm yaşının çoxluğu, həm də səhhətində yaranmış problemlərlə əlaqədar ayaqları tutulub və yeriyə bilmir. Fatma Paşayeva bildirmişdir ki, xüsusi ilə də nəvəsi İsa şəhidlik zirvəsinə ucaldıqdan sonra yaşadığı mənəvi-psixoloji sarsıntılar onun sinir sistemini zədələmiş və yeriməyində ciddi fəsadlar yaratmışdır.
Şəhidimizin nənəsi şəhid ailəsi olmaqlarını və maddi vəziyyətlərini nəzərə alaraq YAP Suraxanı rayon təşkilatından onu əlil arabası ilə təmin etməyi xahiş etmişdir. Bir müddət əvvəl YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov ailə ilə görüşərək müraciəti şəxsi nəzarətinə götürdüyünü Fatma Paşayevanın diqqətinə çatdırmışdır. Məsələ ilə bağlı YAP Suraxanı rayon təşkilatı ölkədə xeyriyyə işləri ilə məşğul olan Azərbaycan Respublikası Gəncliyə Yardım Fonduna müraciət edərək şəhid ailəsinə müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Yerli təşkilatın müraciətinə müsbət cavab verilmiş və 24.11.2021-ci il tarixdə YAP Suraxanı rayon təşkilatının nümayəndəsi Salman Əbdülov, Gəncliyə Yardım Fondunun əməkdaşları Əhməd Əhmədli və Rəşad Məmmədovun iştirakı ilə ailəyə əlil arabası təqdim edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.