Yap Suraxanı rayon təşkilatının nümayəndələri 114 №-li tam orta məktəbdə 8 noyabr-Zəfər Günü ilə əlaqədar keçirilən tədbirdə iştirak etmişlər
02 noyabr 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və nümayəndələri Əmircan qəsəbəsi S. Tağıyev küçəsi 14 ünvanında yerləşən ərazi partiya təşkilatının 8 noyabr-Zəfər Gününə həsr olunmuş tədbirdə iştirak etmişlər. Öncə girişdə şagirdlərin hazırladıqları 44 günlük Vətən Müharibəsinə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.
Tədbir Vətən Müharibəsi şəhidlərinin və Ulu Öndər Heydər Əliyevin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsi ilə başlamışdır. Daha sonra məktəbin şagird-müəllim heyətinin 8 noyabr-Zəfər Günü ilə əlaqədar hazırladığı bədii hissə qonaqlara təqdim olunmuşdur.
Əmircan qəsəbəsi S. Tağıyev küçəsi 14 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, 114 №-li tam orta məktəbin direktoru Ceyran xanım Novruzova qonaqları salamlayaraq balaca məktəblilərin öz təxəyyüllərinə uyğun tarixi, hərbi-siyasi qələbəni vəsf etdiklərini bildirdi. Hər bir şer deyən, nəğmə oxuyan balaca ürəkdə gələcək Poladların, Mübarizlərin yaşadığını deyən Ceyran Novruzova vətən eşqinin məktəbdən başladığını xüsusi vurğuladı.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək Prezidentin xalqına, xalqının isə rəhbərinə güvəndiyini, onu dəstəkləyini söylədi. Vüqar Seyidov Vətən Müharibəsində əldə olunmuş Zəfərin əsas səbəbinin elə bu amil olduğunu vurğuladı . İnsanlar Dəmir yumruğun ətrafında birləşərək milli ruhu, milli təfəkkürü formalaşdıra bildiyini, deyən yerli təşkilatın sədri bunun ilk növbədə ölkə başçısının apardığı doğru ideoloji siyasətin nəticəsi olduğunu bildirdi. Rayon təşkilatının sədri xüsusi ilə də gənclərin vətənpərvər ruhda tərbiyəsinin əldə olunan möhtəşəm zəfərin təməl daşı olduğunu söylədi. Bu işdə məktəblərin rolunun və müəllimlərin əziyyətinin ali diqqətə layiq olduğunu vurğuladı.
Çıxış edən digər natiqlər də Vətən Müharibəsində əldə olunan qələbənin əhəmiyyətindən bəhs edərək canlarını düşmən gülləsinə sipər edən gənclərlə yanaşı, onları yetişdirən müəllimlərin də əməyini yüksək qiymətləndirmişlər.