YAP Suraxanı rayon təşkilatı partiyanın fəal üzvü Şaban Eyvazovu 50 illik yubileyi münasibəti ilə təbrik edib
8 aprel 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov yerli təşkilatın fəal üzvü, 2 saylı Reabilitasiya Mərkəzinin direktoru Eyvazov Şaban Hümmət oğlunu 50 illik yubileyi münasibəti ilə təbrik edib.
YAP Suraxanı rayon təşkilatının inzibati binasında səmimi mühitdə keçən görüşü giriş sözü ilə açan yerli təşkilatın sədri Vüqar Seyidov bildirdi ki, Şaban Eyvazov uzun illərdir ki, öz mənalı ömrünü müstəqil Azərbaycan dövlətinin çiçəklənməsinə və səhiyyəsinin inkişafına həsr edib. Tibb sahəsində uğurları ilə yanaşı yubliyarın ictimai-siyasi həyatdakı fəaliyyəti də təqdirəlayiqdir.
Vüqar Seyidov onu da qeyd etmişdir ki, Şaban Eyvazovun Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında fəaliyyəti özündən sonra gələn nəsillər üçün vətəndaşlıq nümunəsidir. O, ləyaqətli rəhbər, insanlara sağlamlıq bəxş edən bir təbib olmaqla yanaşı, həm də rəhbərlik etdiyi kollektivdə doğma partiyamıza sədaqətlə xidmət etmiş, dövlətimizin və cənab Prezidentimizin haqlı siyasətinin geniş kütlələr arasında təbliğində aktiv iştirak etmişdir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov demişdir ki, Şaban Eyvazovun gənc həkimlərin, tibb işçilərinin siyasi tərbiyəsində, yetişməsində, partiya sıralarına cəlb olunmasında və keçirilən tədbirlərin yüksək səviyyədə təşkilində əməyi danılmazdır.
Göstərilən diqqətə və qayğıya görə yubliyar Şaban Eyvazov YAP Suraxanı rayon təşkilatına və onun sədri Vüqar Seyidova öz dərin minnətdarlığını bildirmişdir. Şaban Eyvazov qeyd etmişdir ki, bundan sonra doğma partiyaya ləyaqətlə xidmət etməyə davam edəcəkdir.