YAP-ın uğurlarının arxasında xalqın inamı dayanır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Fətəliyevanın Yeni Suraxanıda yaşayan seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin də dediyi kimi, bu günün, sabahın və gələcəyin partiyasıdır. O qeyd edib ki, zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstək dayanır.
Çıxış edən deputatlığa namizəd Sevinc Fətəliyeva parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynadığını deyib. O, Azərbaycanın düşmən üzərindəki tarixi Zəfərindən sonra yeni dövr başladığını və bu gün Azərbaycan xalqının formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoyduğunu xüsusi vurğulayıb.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Suraxanı Rayonu Ağsaqqallar Şurasının sədri Arif Babayev, Ağırlıqqaldırma üzrə Azərbaycan çempionu idman ustası, İkinci Qarabağ müharibəsi qazisi Asxab Kalayev, Ədalət Mahmudov və digərləri çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır. Natiqlər seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Qeyd edək ki, deputatlığa namizəd Sevinc Fətəliyeva şəhid ailələri və qazilərlə birlikdə Hövsan qəsəbəsində yerləşən Şəhidlər xiyabanını da ziyarət ediblər.
Daha sonra şəhid Vaqif Ədalət oğlu Mərdanovun və şəhid Elzar Süleyman oğlu Yusubovun ailələri ziyarət olunub.