YAP Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır

YAP Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır
Vəfa Bağırova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 172 nömrəli tam orta məktəbin direktoru

1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.

Cəmi 7 ay sonra, 1993-cü ilin iyununda xalqın tələbi ilə ümumxalq partiyasının sədri, Azərbaycan xalqının görkəmli lideri Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı.

Yeni Azərbaycan Partiyası 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınmış və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılmışdır. YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının 20-21-də keçirilən I Qurultayında geniş şəkildə müzakirə olunaraq müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olunmuşdur.

YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edilmiş, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirilmişdir.

1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin ümumxalq səsverməsi yolu ilə prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsas qoyuldu. Onun qayıdışı ilə ölkənin bütün sağlam qüvvələri, ictimai-siyasi və mənəvi potensialı hakimiyyət ətrafında səfərbər edilərək Azərbaycanı sonrakı labüd iflasdan xilas etdilər.

Heydər Əliyev 1993-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti kimi xalqına arxalanaraq və YAP sədri kimi partiyasının kadr potensialına söykənərək özünün zəngin dövlətçilik təcrübəsini və uzaqgörən siyasətini tətbiq edərək çox qətiyyətli, müdrik, effektli idarəçilik həyata keçirdi. Azərbaycanın dövlət müstəqilliyini və milli inkişafını təmin etdi, respublikada demokratik dövlət quruculuğu, siyasi plüralizm, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı normalarını dönməz hala gətirdi, ölkəni dinamik inkişaf yoluna çıxardı və öz adını xalqımızın dövlətçilik tarixinə müstəqil, demokratik Azərbaycan dövlətinin banisi və lideri kimi həkk etdi.

1995-ci ilin noyabr ayının 12-də keçirilən Parlament seçkilərində Milli məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir. Yeni Azərbaycan Partiyasının 2001-ci ilin noyabr ayının 21-də keçirilən II Qurultayı təşkilatın həyatında taleyüklü qərarlar qəbul etmişdir. Partiyanın Nizamnaməsinə dəyişikliklər edilmiş və yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçilmişdir. 2003-cü ilin oktyabr ayının 15-də keçirilən Prezident seçkilərində YAP Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Ulu Öndərin haqq dünyasına qovuşmasından keçən 16 il ərzində Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət, görülmüş nəhəng işlər, qazanılmış böyük uğurlar bu gün Azərbaycan xalqı tərəfindən məmnunluqla qarşılanır və tam dəstəklənir. Keçirilən sorğuların nəticələri göstərir ki, xalqın dəstəyi ölkə Prezidenti və YAP sədri kimi cənab İlham Əliyevə müstəqil, prinsipial və milli maraqları ifadə edən qətiyyətli siyasət yürütməyə hərtərəfli imkan verir.

Hazırda Yeni Azərbaycan Partiyası öz liderinin siyasi islahat kursuna, irəli sürdüyü təşəbbüslərə və yeni dövrün çağırışlarına uyğun olaraq partiyanın vitrinini xeyli dərəcədə yeniləmiş, öz sıralarına çoxsaylı təşəbbüskar və fəal üzvlər, təşkilatı hakimiyyətdə və parlamentdə təmsil edə biləcək yeni-yeni intellektual kadrlar cəlb etmişdir. Bir sözlə, Yeni Azərbaycan Partiyası Ümummilli Liderin siyasi ənənələrinə söykənərək “daim yenilənmə, daim dəyişmə və daim inkişaf etmə” kursunu ardıcıl olaraq davam etdirmişdir.

Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-cu ildönümünü qeyd etdiyimiz bir zamanda Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır. Yeni Azərbaycan Partiyası 21-ci əsrin partiyasıdır, III minilliyin partiyasıdır!” ifadəsini qürurla və fəxarətlə səsləndiririk.

Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir.

Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.

Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla və ardıcıl davam etdirən dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi “Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır”. Sözün əsl mənasında, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və bu gün 32 illik uğurlu siyasi fəaliyyətimizin qələbəsini təntənə ilə qeyd edirik.

Ulu Öndər partiyanın uğurlu gələcəyini onun yaradılmasının ilk illərindən görürdü. O, müasir Azərbaycanın davamlı və nəhəng uğurlara imza atacağından əmin idi. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev partiyanın yaradılmasının onuncu ildönümü ilə bağlı tədbirdə demişdir: “Müstəqil Azərbaycan yeni Azərbaycandır.

Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır.

Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır”. Ulu Öndərin də dediyi kimi, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirdi ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.

Cəmiyyət daim yeniləşir, ictimai münasibətlərin inkişaf səviyyəsi yeni çağırışlar və reallıqlar yaradır. Bütün bunlar da öz növbəsində YAP-ın hakim partiya kimi qarşısında yeni tələblər və vəzifələr qoyur. Burada bir məqamı xüsusilə qeyd etməliyik ki, YAP həm cəmiyyətin irəliyə doğru, keyfiyyətcə yeni inkişaf mərhələlərinə daxil olmasını və onun mütərəqqi inkişafını təmin edən aparıcı siyasi qüvvə kimi çıxış edir, həm də yaratdığı yeni çağırışları və reallıqları özü tənzimləyərək, gələcəyə istiqamətlənmiş məqsəd və vəzifələr müəyyənləşdirir.