COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir
Belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi həqiqətən də tərəqqinin və qüdrətli dövlət quruculuğunun beynəlxalq miqyasda təqdir edilməsinin yüksək səviyyədə bəyanıdır. Prezident İlham Əliyevin məqsədyönlü islahatlarının nəticəsi olaraq ölkəmiz mühüm nailiyyətlər əldə edib. Azərbaycan qlobal əhəmiyyətli tədbirləri yüksək peşəkarlıqla şəkildə təşkil etmək bacarığını dəfələrlə sübut edib. Qabaqcıl inkişaf göstəricilərinə nail olan Azərbaycanın belə mötəbər tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik olması, təhlükəsizlik baxımından sabit ölkə kimi fərqlənməsi, sülh və əmin-amanlığı təbliğ etməsi bütün dünyaya məlumdur. COP29-a ev sahibliyinin ölkəmizə həvalə edilməsi Azərbaycan Prezidentinin növbəti qələbəsidir. Dövlətimizin başçısı bu təşəbbüsü ilə Azərbaycanın yüksək nüfuzunu və beynəlxalq aləmdə böyük etimad qazandığını bütün dünyaya nümayiş etdirdi.
Azərbaycanın “yaşıl eneji”nin tətbiqi istiqamətində hədəfləri və bu istiqamətdə uğurlu fəaliyyəti beynəlxalq ictimaiyyətin diqqətindən yayınmır. Bu istiqamətdə ölkəmizin böyük layihələri var. Məhz buna görə də Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda «Yaşıl dünya naminə həmrəylik ili» elan edilib. Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Belə ki, Azərbaycan 1990 ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.
«Yaşıl enerji» sahəsində ölkəmizə yatırılan xarici sərmayələr də xeyli çoxalıb. Belə ki, ötən dövrlərdə Səudiyyə Ərəbistanı Krallığının «ACWA Power» və Birləşmiş Ərəb Əmirliklərinin «Masdar» şirkətləri bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsinə dair icra müqavilələri imzalanıb. Müqavilələrə uyğun olaraq «ACWA Power» şirkəti ilə 240 MVt gücündə külək, «Masdar» şirkəti ilə isə 200 MVt gücündə günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək.
Azərbaycan yaşıl enerjiyə keçid prosesində fəal iştirakını təmin etməyə təkan verən bu nəhəng layihələrlə qlobal çağırışlar şəraitində inkişafın yeni nümunəvi modelini yaratmağa müvəffəq olacaq.