Xəzər dənizinin strateji əhəmiyyəti
Züleyxa Səmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru
Zəngin enerji resurslarına, Avropaya qədər uzanan neft-qaz boru kəmərlərinə və nəqliyyat dəhlizlərinə malik olması Xəzər hövzəsi regionunu beynəlxalq miqyasda çox mühüm geo-siyasi və geo-iqtisadi önəmə malik bölgə kimi səciyyələndirir. Azərbaycan region ölkələrinin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Prezident İlham Əliyevin Zirvə Toplantısında çıxışı zamanı qeyd etdiyi kimi, Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik gərgin əmək nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.
Bugünə kimi Xəzər hövzəsi regionunda çoxsaylı enerji və nəqliyyat layihələri reallaşdırlıb və bu layihələrin həyata vəsiqə qazanmasına Azərbaycan da özünün böyük töhfələrini verib. Region ölkələrinin qarşılıqlı fəaliyyətinin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi region xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Ölkə başçımızın qeyd etdiyi kimi, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır.