Xocalı təkcə faciənin deyil, həm də dirçəlişin, qayıdışın və zəfərin rəmzinə çevrilmişdir

Xocalı təkcə faciənin deyil, həm də dirçəlişin,  qayıdışın və zəfərin rəmzinə çevrilmişdir

Günel Fətəliyeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbin direktoru

Xocalı soyqırımı Azərbaycan tarixinin ən faciəli və ağrılı səhifələrindən biridir. 1992-ci ilin 26 fevral gecəsi şəhərin dinc əhalisi misli görünməmiş qəddarlıqla qətlə yetirilmiş, yüzlərlə insan, o cümlədən qadınlar, uşaqlar və qocalar həyatını itirmişdir. Minlərlə sakin yaralanmış, əsir və girov götürülmüş, ailələr parçalanmışdır. Bu hadisə təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət kimi qiymətləndirilir.

Uzun illər işğal altında qalan Xocalı şəhəri azad edildikdən sonra burada genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verildi. Dövlət tərəfindən hazırlanmış baş plana uyğun olaraq şəhərin müasir standartlara cavab verən şəkildə yenidən qurulması nəzərdə tutulur. İnfrastruktur layihələri, yaşayış kompleksləri, sosial obyektlər, təhsil və səhiyyə müəssisələri mərhələli şəkildə inşa edilir.

Prezident cənab İlham Əliyev hər zaman çıxışlarında bildirdi ki, Xocalı soyqırımı heç vaxt unudulmayacaq və Azərbaycan dövləti bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir. Dövlət başçısı vurğulayır ki, memorial kompleksin məhz Xocalı torpağında ucaldılması tarixi ədalətin bərpasının və xalqın mənəvi qələbəsinin göstəricisidir.

Bu gün bütün azad olunmuş ərazilərdə olduğu kimi, Xocalıda da infrastruktur işlər görülür. Xocalıda  'ağıllı şəhər' konsepsiyası tətbiq olunur. Müasir yol infrastrukturu çəkilir, elektrik, su və qaz təchizatı sistemləri yenilənir, rəqəmsal idarəetmə mexanizmləri qurulur. Məqsəd sakinlərin rahat, təhlükəsiz və yüksək həyat standartlarına uyğun şəraitdə yaşamasını təmin etməkdir.

Xocalıya qayıdış həm milli yaddaşın qorunması, həm də gələcəyə inamın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Xocalı artıq təkcə faciənin deyil, həm də dirçəlişin, qayıdışın və zəfərin rəmzinə çevrilmişdir.

Bu gün Xocalıda ucalmaqda olan Soyqırımı Memorialı gələcək nəsillər üçün bir dərs, bir yaddaş məkanı olacaqdır. Burada ziyarətçilər faciənin miqyasını, xalqın çəkdiyi iztirabları və eyni zamanda Azərbaycanın güclü dövlət olaraq ayaqda qalmasını əks etdirən tarixi faktlarla tanış olacaqlar. Bu abidə şəhidlərin ruhuna ehtiramın, xalqın birliyinin və dövlətin qətiyyətinin simvolu kimi ucaldılacaqdır.

Hər il soyqrım günü ərəfəsində Prezidentin Xocalını ziyarət etməsi, orada görülən işləri şəxsi diqqətində saxlaması həm faciə qurbanlarının əziz xatirəsinə ehtiramın ifadəsi, həm də azad edilmiş torpaqlarda aparılan bərpa və quruculuq işlərinin ardıcıl və məqsədyönlü şəkildə davam etdiyinin bariz nümunəsi oldu.

Bu gün Xocalı və ətraf ərazilərdə görülən quruculuq abadlıq işləri, böyük qayıdış, köç karvanları Xocalı faciəsi qurbanlarının xatirəsini əbədiləşdirmək, gələcək nəsillərə tarixi həqiqətləri çatdırmaq məqsədi daşıyır. Bu, həm də bu  torpaqlarda bizim daima yaşayacağımızın simvoludur.

Əminəm ki, dövlətin dəstəyi, xalqımızın əzmi  ilə Xocalı əvvəlkindən daha gözəl, abad və müasir şəhərə çevriləcəkdir.