Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə anım tədbiri keçirilmişdir
23.02.2022 – ci il tarixində Xocalı soyqırımının 30 illiyi ilə bağlı keçirilən tədbirlər çərçivəsində Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə anım mərasimi keçirilmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndəsi Ənvər Haqverdiyev, Suraxanı rayonunda fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri və 316 nömrəli məktəbin müəllim-şagird kollektivi iştirak edirdi. Öncə məktəbin foyesində şagirdlər tərəfindən yaradılmış Xocalı soyqırımına həsr olunmuş sərgiyə qonaqlar tərəfindən baxış keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan 316 nömrəli tam orta məktəbin direktoru Gülnarə Hənifiyeva 1992-ci il fevralın 26 - da Xocalı şəhərində törədilmiş hadisənin genosid olduğunu vurğulayaraq Xocalı soyqırımının Xatın, Xirosima, Naqasaki, Sonqmi və digər dəhşətli faciələr ilə müqayisə oluna biləcəyini bildirmişdir. Gənclər, yeniyetmələr arasında xalqımızın başına gətirilən müsibətlərin unudulmaması məqsədi ilə maarifləndirmə işinin əhəmiyyətinə toxunan Gülnarə Hənifiyeva məktəb kollektivinin bu işdə fəaliyyətini xüsusi qeyd etmişdir.
Daha sonra məktəbin müəllim-şagird kollektivinin ifasında Xocalı soyqırımına həsr olunmuş ədəbi -bədii gecə təqdim olunmuşdur. Soyuq fevral gecəsi Xocalıda xalqımızın başına gətirilmiş misli görülməmiş müsibətlər şagirdlərin təqdimatında nümayiş olunmuşdur.
YAP Suraxanı rayon təşkilatının nümayəndəsi Ənvər Haqverdiyev çıxış edərək bildirmişdir ki, Xocalı soyqırımı yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş mənfur cinayət hadisəsidir. Vətən Müharibəsində əldə olunan qələbə, şanlı zəfər sayəsində istər birinci Qarabağ Müharibəsi şəhidlərinin, istərsə də Xocalı qurbanlarının qanları yerdə qalmamışdır. Gənclərin, yeniyetmələrin tərbiyəsində məktəblərin roluna toxunan yerli təşkilatın nümayəndəsi Ənvər Haqverdiyev xüsusi vurğulamışdır ki, vətənpərvər ruhda tərbiyə olunan gənclik Vətən Müharibəsinin şanlı zəfərin əldə olunmasında əhəmiyyətli dərəcədə rol oynamışdır.