Xocalı soyqırımı qurbanlarının qisası alındı
Xatın İsmayılova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 290 nömrəli tam orta məktəbin müəllimi
Xocalı qətliamından 32 il keçir. Lakin illər ötdükcə bu dəhşətli hadisə hər birimizin yaddaşına əbədi həkk olunur. Öz miqyasına görə tarixdə analoqu olmayan Xocalı soyqırımını törətməklə erməni şovinistləri qəddarlıqda heç də faşistlərdən geri qalmadıqlarını bir daha təsdiqlədilər. Həmin gün erməni silahlı birləşmələri faşistlərdən də qəddar olduqlarını açıq şəkildə dünyaya nümayiş etdirdilər. 32 il keçməsinə baxmayaraq, faciənin acı nəticələrini unutmamalı, daim yadda saxlamalıyıq və gələcək nəsillər də erməni qəddarlığı barədə məlumatlandırılmalıdır.
Hər il xalqımız Xocalı soyqırımını böyük kədər, qəm-qüssə ilə anır, şəhidlərimizin ruhuna dualar oxunur. Artıq soyqırımın ildönümü fərqli şəkildə qeyd olunur. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz Ermənistanın işğalçılıq siyasətinə son qoydu, düşməni işğal etdiyi ərazilərdən qovdu. Xocalı soyqırımı qurbanlarının, həmçinin Vətənimizin azadlığı uğrunda canından keçən digər şəhidlərimizin qisası alındı.
2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun parlaq zəfəri ilə başa çatdı. Qarabağ zəfəri milyonlarla insanın qəlbindəki ağrını azaltmaqla yanaşı, Xocalı soyqırımını törədən cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verəcəkləri inamını daha da artırdı.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozacaq, keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görülməmiş qəddarlıqla divan tutdu. Ermənistan hərbi biləşmələri 7 min əhalisi olan Xocalı şəhərini yerlə-yeksan etdi, dinc əhalini gülləbaran etdi.Canlarını güclə qurtaranlar qışın soyuğunda , qarda, şaxtada dağlarda, meşələrdə gizləndi. Əksəriyyəti soyuqdan donaraq öldü. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. Soyqırım baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüş və onlardan 150-nin taleyi indi də məlum deyil. Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində vəhşilik aktıdır.
Xocalının qara günləri artıq geridə qaldı. Lokal anti-terror əməliyyatı nəticəsində Xocalı azadlığına qovuşdu. Artıq Xocalı şəhidlərinin ruhu şaddır. Zəfər sənə yaraşır, bütöv Azərbaycan!!!