XOCALI SOYQIRIMI, QANLI TARİXİMİZ!
"Dalğa" Elmi İstehsalat Birliyinin şöbə rəisi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı işğalçılar tərəfindən zəbt edildikdən sonra əhali deportasiya olundu. Xocalıda dinc əhalinin uşaq, qadın, yaşlı və s. əsir götürülməsi, qarlı qış gecəsində ayaqyalın saxlanılması və müxtəlif işgəncələr verilməsi erməni xislətini bir daha sübuta yetirir. Xocalı sakinləri bir gecədə qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildilər. Minlərlə insan işğalçı silahının hədələri altında dağlara, meşələrə, qaçsalar da çoxu şaxtada donaraq həyatlarını itirmişlər.
Bu gün Azərbaycan xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsil soyqırım aktı kimi tanınmasına nail olmaq Xocalı şəhidlərinə bizim vətəndaşlıq və insanlıq borcumuzdur.
Soyqırım qurbanlarını daim yad edən, şəhidlərin xatirəsini əziz tutan Ümummilli lider Heydər Əliyev 1994-cü il 26 fevral tarixində Milli məclisdə belə bir qərar qəbul etdi: “Xocalı soyqırımı Xocalı faciəsi günü elan olunsun və bizim tariximizdə, təqvimimizdə matəm günü, hüzn günü qəbul edilsin.
Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilmiş, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmş və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev xüsusi qeyd etmişdir ki, Xocalı soyqırımı törətməkdə düşmənin məqsədi torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi.
Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən, 8 noyabr 2020-ci il tarixində Şanlı ordumuzun qələbəsi ilə başa çatmış Vətən müharibəsində Dağlıq Qarabağda yerləşən ərazilərimiz o cümlədən Xocalı işğaldan azad edilmiş, Xocalı soyqırımı şəhidlərinin qisası alınmış, tökdükləri qan yerdə qalmamışdır.
Hər il Xocalı soyqırımında həyatını itirən şəhidlərimizin ruhu “Ana harayı” abidəsi önündə böyük izdihamla anılır.