Xocalı Memorial Kompleksinin açılışında konseptual çıxış: Reallığın tam çılpaqlığı ilə ifadəsi
Niftiyev Nizami
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 196 nömrəli tam orta məktəbin direktoru
Azərbaycanın müasir dövlətçilik tarixi, xüsusilə son otuz ili əhatə edən dövr, təkcə hərbi zəfərlərin deyil, həm də sarsılmaz milli iradənin beynəlxalq siyasi təzyiqlər üzərindəki qələbəsidir. Prezidentin Xocalıda ucaldılan Memorial Kompleksinin açılışındakı konseptual çıxışı bu reallığı tam çılpaqlığı ilə ortaya qoyur. Azərbaycanın sarsılmaz iradəsi xarici təzyiqlərə rəğmən bərpa edilən suverenli mövzusu, ölkəmizin hansı çətin coğrafi-siyasi şərtlərdən keçərək mütləq suverenliyə çatdığını analiz etmək üçün mühüm açardır.
Azərbaycanın suverenliyinin bərpa yolu asan olmamışdır. 1990-cı illərin əvvəllərində ölkəmiz daxili xaos, iqtisadi iflic və Ermənistanın işğalçı siyasəti ilə üz-üzə qalmışdı. Xocalı soyqırımı məhz həmin zəiflik dövrünün ən qanlı nəticəsi idi. Prezident çıxışında vurğulayır ki, həmin dövrdə beynəlxalq aləm Azərbaycanın haqq səsini eşitmək istəmirdi. Erməni lobbisinin təsiri altında olan bəzi güclər işğal faktını legitimləşdirməyə, Azərbaycan xalqını bu haqsızlıqla barışdırmağa çalışırdılar.
Azərbaycan rəhbərliyinin strateji kursu fərqli idi. İlk növbədə, xarici siyasi iradədən asılı olmayan güclü iqtisadi baza yaradıldı. İqtisadi müstəqillik Azərbaycana imkan verdi ki, xarici paytaxtlardan gələn diktələrə yox desin. Bu, suverenliyin bərpasının birinci və ən vacib şərti idi.
İşğalın davam etdiyi 30 il ərzində Azərbaycan dövlətinə qarşı sistemli şəkildə xarici təzyiq mexanizmləri işə salınmışdı. ATƏT-in keçmiş Minsk qrupu və onun həmsədrləri tərəfindən idarə olunan danışıqlar prosesi əslində işğalı əbədiləşdirmək məqsədi güdürdü. Azərbaycana daim münaqişənin hərbi həlli yoxdur tezisi aşılanırdı.
Prezident Xocalıda ucaldılan Memorial Kompleksinin açılışında qeyd edir ki, bizə qarşı həm diplomatik, həm də iqtisadi təzyiqlər var idi. Müxtəlif beynəlxalq dairələr Qarabağdakı qondarma rejimə status verilməsini, Azərbaycanın öz ərazisi üzərindəki suveren hüquqlarından qismən imtina etməsini tələb edirdilər. Lakin Azərbaycanın sarsılmaz iradəsi burada özünü büruzə verdi dövlətimiz bu məsləhətləri rədd edərək öz hərbi gücünü artırmağa davam etdi.
2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi Azərbaycanın həm daxili, həm də xarici düşmənlərə qarşı iradə sınağı idi. Müharibənin gedişində bəzi qərb ölkələri və beynəlxalq təşkilatlar Azərbaycana qarşı sanksiya hədələri ilə çıxış etdilər, BMT Təhlükəsizlik Şurasında əleyhimizə qətnamələr qəbul etdirməyə çalışdılar.
Azərbaycan liderinin qətiyyəti və ordumuzun rəşadəti bu təzyiq divarlarını uçurdu. Dəmir yumruq təkcə işğalçı Ermənistanın başına deyil, həm də ədalətsiz dünya nizamının ikili standartlarına endirildi. Azərbaycan sübut etdi ki, suverenlik kağız üzərindəki qərarlarla deyil, millətin birliyi və gücü ilə qorunur.
Vətən müharibəsindən sonra da təzyiqlər səngimədi. Ermənistanın havadarları Qarabağda separatizmin qalığını saxlamaq üçün hər vəchlə çalışırdılar. Lakin 2023-cü ilin sentyabrındakı 23 saatlıq lokal antiterror əməliyyatı Azərbaycanın sarsılmaz iradəsinin son akordu oldu.
Məqalənin əsas nəticəsi ondan ibarətdir ki, Azərbaycanın qazandığı suverenlik təsadüfi bir hərbi uğur deyil, uzunmüddətli, düşünülmüş və iradəli siyasətin məhsuludur. Prezidentin çıxışının sonunda vurğuladığı həmişə güclü olmalıyıq çağırışı təsadüfi deyil. Çünki xarici təzyiqlər formasını dəyişsə də, hər zaman mövcuddur.
Azərbaycan 1992-ci ilin çarəsiz ölkəsindən 2024-cü ilin qalib dövlətinə çevrilib. Bu gün regional sülhün və təhlükəsizliyin əsas şərti Azərbaycanın bu sarsılmaz iradəsidir. Xocalı Memorial Kompleksi bizə daim xatırladacaq ki, suverenlik ən böyük nemətdir və onu qorumaq üçün hər an hərbi, iqtisadi və mənəvi cəhətdən hazır olmalıyıq. Azərbaycan xalqı sübut etdi ki, əgər millətin iradəsi və liderin qətiyyəti varsa, heç bir xarici təzyiq onu öz haqq yolundan döndərə bilməz.