Məlahət İsmayılova
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
1993-cü ilin əvvəllərində Azərbaycanda böyük xaos və anarxiya hökm sürürdü. Bunun başlıca səbəbi mənfur qonşumuz olan ermənilərin Azərbaycanın 20% torpaqlarını işğal etməsi idi. Ölkəmizdə böyük qaçqın ordusu yaranmış və çadır şəhərciklərində yaşayan Qarabağdan olan köçkün vətəndaşlar böyük çətinliklərlə qalmışdı. Ölkə aclıq və səfalət içində idi. Daxildə hakimiyyət uğrunda gedən çəkişmələr bu böhranı daha da çətinləşdirirdi. Həmin il iyunun 15-də məhz Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildikdən sonra xalqın qurtuluş missiyasını öz üzərinə götürdü.
1993-cü il oktyabr ayının 3-də Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildi. Hakimiyyətə gəldiyi ilk gündən müdafiə və ordu quruculuğu ilə məşğul olmağa başladı. Vəziyyət çox ağır idi. Heydər Əliyev mərkəzi televiziya ilə xalqa müraciət edərək cəbhədəki vəziyyətdən açıq danışdı və faktları sadaladı. 16 min nəfər həlak olmuş, 22 min nəfər yaralanmış,1 milyon vətəndaşımız isə qaçqın olmuşdu. Məğlubiyyətin səbəbini ətraflı müzakirə etdikdən sonra deyirdi: ”Bu gün hamı vətənin müdafiəsinə qalxmalıdı, mən hamınızı buna çağırıram.”
1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi.
1994-cü ilin may ayının 12-də atəşkəs haqqında sazış imzalanır. Ölkənin iqtisadiyyatını dirçəltmək üçün bu lazımlı addım idi. Qısa müddətdə ordu quruculuğunun bazası yaradıldı. ”Müdafiə haqqında”, ”Hərbi vəziyyət haqqında” və s. qanunlara dəyişikliklər edildi. Ulu Öndər Heydər Əliyevin Prezidentliyi dövründə (1993-2003) Azərbaycanda ölkənin silahlı qüvvələri üçün kadr hazırlayan hərbi tədris müəssisələrinin sayı xeyli artırılmışdır. Həmçinin ABŞ, Türkiyə, Almaniya, Rusiya, Pakistan və s. ölkələrlə bağlanmış ikitərəfli müqavilələrə əsasən bu dövlətlərin ali-hərbi məktəblərində də Azərbaycan hərbi qüvvələri üçün kadrlar hazırlanmış və bu hazırlıq bu gün də davam edir.
Heydər Əliyev son çıxışlarından birində deyirdi: ”Mən ümidvaram ki, biz ordumuzu gücləndirərək, döyüş qabiliyyətini yüksəldərək Azərbaycanın işğal olunmuş torpaqlarını azad edəcək və ərazi bütövlüyümüzü təmin edəcəyik.”
Ruhun şad olsun, Ulu Öndər! Sənin son vəsiyyətini yerinə yetirdik. Müzəffər Azərbaycan ordusu, Ali Baş Komandan, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyev bu missiyanı uğurla başa çatdırdı. Sənin bizlərə əmanət etdiyin müstəqil Azərbaycanın sükanı etibarlı əllərdədir. Müxtəlif dövlətlərin təzyiqlərinə baxmayaraq ölkə rəhbərliyi böyük qətiyyət, cəsarət və siyasi iradə nümayiş etdirdi. Ərazi bütövlüyümüzün bərpası kimi əsas vəzifəsinin öhdəsindən gəldi. Biz bu qələbəni döyüş meydanında şəhid verərək qazandıq.
Allah bütün şəhidlərimizə və Ulu Öndərimizə rəhmət eləsin!