Xarici siyasətimizdə ABŞ ilə münasibətlər hər zaman mühüm yer tutub
Şahnaz Heybətova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 226 nömrəli tam orta məktəbin müəllimi
Tramp-Vens administrasiyasının vasitəçiliyi ilə 2025-ci ilin avqust ayında Ağ Evdə Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması regionun taleyində dönüş nöqtəsi olmuşdur. Prezident Trampın şahidliyi ilə imzalanan Sülh haqqında Birgə Bəyannamə artıq altı aydır ki, regionda sülh şəraitinin hökm sürməsinə rəvac vermişdir.
Azərbaycan tərəfi bu töhfəyə görə ABŞ rəhbərliyinə dərin minnətdarlığını ifadə edir. Artıq region xalqları "sülh içində yaşamağı öyrənirlər" və bu, diplomatik səylərin ən mühüm nəticəsidir. Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün bərqərar olması həm Azərbaycanın, həm də ABŞ-ın ortaq maraq dairəsindədir.
İki ölkə arasındakı münasibətlər artıq sadəcə əməkdaşlıq deyil, tamamilə yeni, strateji tərəfdaşlıq mərhələsinə qədəm qoymuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatında qeyd edildiyi kimi, bu səfər həm danışıqların mahiyyəti, həm də imzalanmış Strateji Xartiya baxımından tarixi xarakter daşıyır.
Azərbaycanın xarici siyasətində ABŞ ilə münasibətlər hər zaman mühüm yer tutub. Lakin ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri və bu çərçivədə imzalanan sənədlər bu əlaqələri keyfiyyətcə yeni bir səviyyəyə daşımışdır.
Prezident İlham Əliyev xüsusi olaraq vurğulamışdır ki, Azərbaycan üçün dünyanın ən qüdrətli ölkəsi olan ABŞ ilə strateji tərəfdaş olmaq böyük şərəfdir. Bu yaxınlaşmanın əsası altı ay əvvəl Vaşinqtonda Prezident Trampla keçirilən tarixi görüş zamanı qoyulmuşdur.
Hər hansı bir dövlətlərarası strateji tərəfdaşlığın uğuru qarşılıqlı hörmət və beynəlxalq hüquq normalarına əsaslanır. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları bu Xartiya ilə bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini bir daha təsdiq edirlər. Bu, ikitərəfli münasibətlərin sarsılmaz təməli kimi çıxış edir.