Xankəndi şəhərində təşkil olunmuş paraddan nəticə çıxarılmalıdır

Xankəndi şəhərində təşkil olunmuş paraddan nəticə çıxarılmalıdır

Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin sədri

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suverenliyimizin tam bərpası istiqamətində inamla irəliləyən və əsas hədəfə doğru addım-addım yaxınlaşan Ali Baş Komandan, oktyabrın 15-də, hakimiyyətinin 20-ci ildönümündə Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaldaraq Zəfər tariximizə daha bir şanlı səhifəni yazdı. Xankəndinin əsas meydanından xalqa müraciət edən Prezident İlham Əliyev ilk gündən xalqa verdiyi sözü yerinə yetirmək üçün xalqı səfərbər edərək gecə-gündüz necə çalışdığını belə ifadə etdi: “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin məhz bu ildə tamamlanması rəmzi məna daşıyır.

Xankəndi Zəfəri “Heydər Əliyev İli”nə ən böyük töhfədir. Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən üç il sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xankəndidə separatçı rejimin ləğv edilməsi, Azərbaycanın müstəqilliyini, hər bir qarış torpağı üzərində suveren hüququnun tam bərpa edilməsi kimi tarixi missiya tam yerinə yetirildi.

Qələbəmizin başlıca səbəbi Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.

Ali Baş Komandan İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edir ki, bu 44 gün ərzində əldə edilmiş Qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. İlham Əliyevin ordu quruculuğu siyasəti hərb tariximiz baxımından müstəsna əhəmiyyətə malikdir. Ordusunu vətən məhəbbəti, torpaq sevgisi, bayraq eşqi ilə silahlandıran Ali Baş komandan ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tutur.

Ali Baş Kamandan Ermənistan rəhbərliyini bir daha xəbərdar edərək qeyd etdi ki, əgər Ermənistan revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, Xankəndi şəhərində təşkil olunmuş parada nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz.

XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Biz bütün vəzifələri icra etmişik. Qarabağ müstəqil Azərbaycanın ayrılmaz tərkib hissəsi, əzəli və əbədi rorpağımızdır.

Qarabağ Azərbaycandır!