Xalqımızın milli-mənəvi dəyərlər sisteminin yaşadılmasında və inkişafında Azərbaycan qadınının müstəsna rolu olmuşdur

Xalqımızın milli-mənəvi dəyərlər sisteminin yaşadılmasında və inkişafında Azərbaycan qadınının müstəsna rolu olmuşdur
Səadət Seyidova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu,  290 nömrəli tam orta məktəbin müəllimi
Heç təsadüfi deyil ki, qadın adını hər bir azərbaycanlı həmişə uca tutub, ana məfhumunu vətənin təcəssümü hesab edib. Azərbaycan qadını ictimai - siyasi proseslərdə həmişə fəal olmuşdur. Onlar arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai - siyasi xadimləri yetişib. Ulu öndər Heydər Əliyevin qadın şəxsiyyətinə böyük hörmətlə yanaşması, ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırması, onların fəaliyyəti üçün lazım olan şəraitin yaradılması, müxtəlif sahələrdə yuksək nəticələr əldə edənlərin ali mükafatlara layiq görməsi Azərbaycan qadınlarına olan dövlət qayğısı, hörmətin əyani sübutudur.
Dövlət müstəqilliyimizin bərpasından sonra isə Azərbaycan qadınının cəmiyyətdəki mövqeyi daha da möhkəmlənmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan qadını hər şeydən əvvəl 44 günlük Vətən müharibəsinin zəfərlə başa çatmasında rol oynayan qəhrəman igidlərin anasıdır. Vətən müharibəsində Azərbaycan qadınının nümayiş etdiyi mətanət, fədakarlıq və möhkəm iradə yaddaşlarda silinməz olaraq qaldı. Zərif çiyinlərinə götürdüyü missiyanı şərəflə daşıyaraq şəhid anaları, şəhid xanımları öz mərdlikləri və mətanətli duruşları ilə tarixə imzalarını atmış oldular.
İstər mədəni, istərsə də ictimai - siyasi sahədə fəal olan Azərbaycan qadınlarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti gözəl bir nümunə, örnəkdir. Mehriban xanım Əliyeva humanitar layihələri, xeyriyyəçilik tədbirləri, milli - mədəni irsimizin təbliği sahəsində və digər xidmətləri ilə beynəxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır.
Qadınlarımızın elm və təhsil, səhiyyə, idman, mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurlar, mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə təmsil olunması isə Azərbaycanda gender siyasətinin də gücləndirilməsini sübut edir. Müxtəlif illərdə qadın hüquqları ilə bağlı mühüm qərarların qəbul edilməsi,fərmanlar ölkəmizdə qadınlara dair dövlət siyasətinin effektivliyini təmin edən amillərdəndir.
Dövlətimizin bu sahədə apardığı işlər, ölkəmizdə rəsmi olaraq 8 Mart bayramının keçirilməsi, hər il bayram ərəfəsində Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi, orden və medallarla təltif olunması Azərbaycan qadınına böyük dəyər verildiyini bir daha təsdiqləyir. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir. Prezident İlham Əliyev Azərbaycan qadınının potensialına, onların ictimai-siyasi həyatdakı fəaliyyətinə xüsusi diqqət ayırır.
Ümummilli Lider Heydər Əliyev demişdir: “Cəmiyyətdə qadınların üzərinə daim çox vəzifələr düşür, onlarıın işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”. Bu gün cəmiyyətdə aparıcı rol oynayan Azərbaycan qadınının fəaliyyəti isə uğurlu sabaha, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir.