Xalqımıza qarşı törədilmiş soyqırımılar bizim qan yaddaşımızdır

Xalqımıza qarşı törədilmiş soyqırımılar bizim qan yaddaşımızdır

Vüqar Seyidov

YAP Suraxanı rayon təşkilatının sədr

Heç olmasa ildə iki dəfə müxtəlif tədbir və görüşlərdə eşitdiyimiz soyqırımı sözünün əsl mənasını əminəm ki, əksəriyyətimiz bilirik. Soyqırımı etnik, irqi, dini, milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsi, kütləvi şiddət formasıdır. Soyqırımı insanlıq, bəşəriyyət əlehinə törədilmiş ən böyük cinayətdir. Çox təəssüf hissi ilə bildirməliyəm ki, bir əsrdə iki böyük miqyaslı soyqırımına məruz qalmış bir xalq kimi qəlbimizdə, ruhumuzda hər zaman o faciələrin izlərini yaşadacağıq. Böyük maddi zənginliyə malik torpaqlarımızı işğal etmək arzusunda olanlar hər zaman xalqımızın mərd və cəsarətli dirənişi ilə qarşılaşmışlar. Lakin görünür bu da bizim taleyimizdir ki, evimizi açdığımız, çörəyimizi böldüyümüz qonşularımız torpaqlarımıza, ailələrimizə və doğmalarımıza təcavüzkar gözlərlə baxmağı özlərinə adət etmişlər. Düzgün olaraq bir tarixi çıxışında dövlət başçısı cənab İlham Əliyev xüsusi vurğulamışdır ki, ermənilər Qafqaz xalqı deyillər və bu ərazilərə köçürülüblər. Heç onlarda qafqazlı yanaşmaları, baxış bucaqları da yoxdur. Qafqaz kişisinin mərd, döyüşkən ruhunu biz mənfur və qorxaq ermənilərdə axtarmamalıyıq. Qonşusunun ailəsini, evini talan etmək istəyən bir qafqazlı düşüncə tərzinə rast gəlmək mümkünsüzdür. Ermənilər isə qonşularında olan bütün xalqlarla nifaq içərisindədir və bütün qonşu dövlətlərə torpaq iddiaları vardır. Yəqin ki, bizim xalq olaraq ən böyük şanssızlığımız belə qonşulara sahib olmağımızdır.

Birinci Dünya müharibəsindən sonra Rusiya İmperiyası da daxil olmaqla bir çox imperiya dağılmaqda və milli dövlətlər qurulmaqda idi. Bu proses Azərbaycanda da sürətlə gedirdi. O zamankı ziyalılarımız şərqdə ilk demokratik cümhuriyyətin təməllərini atmağa hazırlaşdıqları bir zaman çox böyük bir faciə törədildi. Ermənistan ərazisində heç bir dirənişlə qarşılaşmayan bolşeviklər torpaqlarımıza erməni silahlı dəstələrinin köməyi ilə daxil oldular. Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirdilər. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmişdir. Ölkədə olan başsızlıqdan istifadə edən Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Əlbəttə, bugünkü güclü dövlətçiliyimiz və liderimiz 103 il əvvəl də olsaydı, bizlər bu hadisələrdən deyil, bu gün qeyd etdiyimiz kimi şanlı zəfərlərdən bəhs edərdik.

Yüz il əvvəl dini və milli mənsubiyyətinə görə nəinki insanlar qətlə yetirilmiş, hətta yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Məqsəd müsəlman-türk əhalinin izlərini silməkdən ibarət idi. Özü də yalnız azərbaycanlılara qarşı deyil, ermənilər minlərlə ləzgi, yəhudi, rus, avar və talış xalqlarına mənsub insanları süngülərdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar. Əlbəttə, talanlar və qətllərdən sonra ədalətli araşdırmalar aparılmamışdır və faciələrə hüquqi, siyasi qiymət verilməmişdir. Lakin əldə olan faktlar deməyə əsas verir ki, bu, soyqırımı aktı idi və milli-dini zəmində azərbaycanlılara qarşı törədilmişdi. Soyqırımıda Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Bu, bir irqin, bir xalqın yox edilməsi üçün atılmış addımlar idi.

1918-ci ilin mart ayından iyul ayına qədər bu faciəvi işğal davam etmişdir. Yalnız Osmanlı-türk qardaşlarımızdan təşkil olunmuş Qafqaz İslam Ordusunun azadetmə və qan qardaşlarını xilasetmə əməliyyatlarından sonra Azərbaycan xalqı bəlkə də yox olmaq təhlükəsindən xilas olmuşdur. Milli mənsubiyyətimizin itirilmə təhdidi yaşadığı o illərdə, çox qısa zaman kəsiyində biz müdrik xalq kimi toparlana bilmiş və müsəlman şərqində ilk demokratik cümhuriyyəti yaratmışıq. Hansı ki, müasir Azərbaycan Respublikası bu dövlətin tarixi, hüquqi və siyasi varisidir. Azərbaycan Xalq Cümhuriyyəti XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasətinin yalnız bir məqamına 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərmişdi. Bir çox Azərbaycan Xalq Cümhuriyyətinin reallaşdıra bilmədiyi arzularını isə Azərbaycan Respublikası gerçəklədirə bilmişdir. “Azərbaycanlıların Soyqırımı Günü” Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə təsdiq olunmuşdur. 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Bu, tarixi sənəddir. O tarixə qədər heç kimsə Azərbaycan xalqının başına gətirilən müsibətlərə bu qədər aydın və səlis siyasi-hüquqi qiymət verməmişdir. Ulu öndər Heydər Əliyev bu siyasi yanaşması ilə eyni zamanda da yeni formalaşan nəsillərə öz tarixinə diqqət və qayğını təlqin etmişdir. Məhz Ümummilli Liderin bu uzaqgörən qərarından sonra 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi sürətlənmiş, məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına xüsusi diqqət ayrılmış, həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur.

Bütün ölkə ərazisində erməni vandallığının izlərinə rastlansa da 31 mart hadisələrinin sözsüz ki, kuliminasiya nöqtəsi məhz Quba qətliamlarıdır. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlanmışdır. Bu görüntülər əlbəttə, ürək ağrıdıcı məqamları özündə ehtiva etsə də soyqrım aktının dünya birliyinə çatdırılması istiqamətində çox mühüm əyani sübutdur. Məhz bu məqsədlə Prezident cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verilmişdir. Memorial kompleks Quba şəhərində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Bu tarixi qərar və inşa edilmiş kompleks bəşər tarixinin ən qanlı hadisələrindən birinin dünyaya çatdırılması istiqamətində ciddi addımdır. Əlbəttə, bu kompleksdə sərgilənən faktları görmək ağır olsa da həqiqətləri olduğu kimi demək lazımdır. Qubada aşkarlanan kütləvi məzarlıqda 500 insan kəlləsinin 50-dən çoxu uşaqlara, 100-dən çoxu isə qadınlara məxsus olduğu və onların soyqırımı ərəfəsində öldürüldükləri sübuta yetirilmişdir. İnsanlar dünyadan köçsələr də qan yaddaşları hər zaman yaşayır. Xalqımıza qarşı törədilmiş soyqırımılar bizim qan yaddaşımızdır. Tarixi və hüquqi faktlar bir daha sübut edir ki, gələcəkdə ermənilərlə hər hansı bir sülh sazişi imzalansa belə biz başımıza gətirilən müsibətləri unutmamalı və yeni nəsillərə olduğu kimi çatırmalıyıq.

Təxminən 74 il sonra, 1992-ci ildə Xocalıda xalqımızın tarixinə növbəti soyqırımı müsibətini yazan mənfurlar bütün dünyaya sanki meydan oxuyurdular. Təəssüflər olsun ki, müasir dünyada ədalət güclünün yanındadır. Əgər güclüsənsə, ədalətlisən prinsipi vicdanlı insanlar tərəfindən qəbul olunmasa da tarixi hadisələr sübut etmişdir ki, bu həqiqətdir. Biz öz gücümüzü toplayaraq məğlub xalq ayamasını öz üzərimizdən atmış və yalnız torpaqlarımızı işğaldan azad etməmişik, eyni zamanda da əsrlər boyu davam edən erməni şovinizminin başını əzmiş, “böyük Ermənistan” mifini darmadağın etmişik. Bu gün də öz tarixi missiyasına Azərbaycan ordusu başda Ali Baş Komandan olmaqla davam etməkdədir. Biz artıq heç vaxt soyqırımlara uğramaq və müsibətlər yaşamaq istəmirik. İndi Azərbaycan dünyada sülhün, əməkdaşlığın, tolerantlığın və qardaşlığın carçısıdır.

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımıları həyata keçirmişlər. İnsanlığa qarşı cinayətlər sanki bu xalqın fitrətində vardır. Müəyyən bir zaman kəsiyində, istədiklərinə nail olana qədər özlərini dost kimi göstərsələr də hər zaman öz daxillərində xalqımıza qarşı böyük nifrət hissini qoruyub saxlamışlar. Cənab Prezidentin işğaldan azad olunan ərazilərdə açıq hava müzeylərinin və işğal memorial komplekslərinin yaradılması təşəbbüsü də məhz bu amillə bağlıdır. Humanist ideyalarla və bütün insanlara qarşı sevgi ilə yaşayan xalqımız başına gətirilən müsibətləri tez unudur. Əlbəttə, sülh müqaviləsi olacaq və buna biz dəmir yumruq ilə nail olacağıq. Lakin heç vaxt nə 31 mart soyqırımını, nə Xocalı soyqırımını, nə də başımıza gətirilən digər müsibətləri unutmayacağıq!

Allah bütün soyqırımı qurbanlarına rəhmət eləsin!