“Xain terror ən ağır cinayət əməlidir”

“Xain terror ən ağır cinayət əməlidir”

“Terror və qətl etmək bütün səmavi dinlərdə‚ yəni hər 3 dində qadağan olunmuş‚ günah və cinayət əməlidir. Terrorun dili‚ dini‚ irqi yoxdur. Terror birmənalı olaraq ən ağır cinayət əməli və bağışlanmaz günahdır. Elə İslam dinində də terror və qətl etmək ən ağır günah sayılır. Dilindən‚ dinindən və irqindən asılı olmayaraq terror törədən‚ günahsız insan qanı axıdan‚ qətl edən hər kəs lənətlənməlidir. Hüquqi tərəfdən isə bütün beynəlxalq hüquq tendensiyalarına və qəbul edilən beynəlxalq konvensiyalara görə terror törədən şəxs ən ağır və ən təhlükəli cinayətkar hesab edilir.

Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı törədilmiş xain terror da ən ağır cinayət əməlidir. Səfirlik binası diplomatik ərazidir və həmin ölkəyə məxsusdur, həmin əraziyə icazəsiz və zorla daxil olmaq beynəlxalq qanunlarla qəti qadağandır. Bir ölkənin Səfirliyinə cinayət yolu ilə zorla daxil olmaq özü ayrıca ağır cinayətdir. Həmçinin Səfirlik əməkdaşlarına silahlı hücum edərək qətl etmək və bütün əməkdaşları öldürməyə çalışmaq‚ bu səbəblə bir neçə şəxsi ölümcül yaralamaq qanlı terrordur və mövcud dünya qanunları ilə ən ağır cinayət əməlidir. Bu hadisə təkcə Səfirlik əməkdaşlarına qarşı törədilmiş cinayət hadisəsi yox‚ eyni zamanda bütövlükdə həmin ölkəyə qarşı törədilmiş əməldir”. Bu fikirlər İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyinin açıqlamasında yer alıb. 

Daha sonra qeyd edilib: “Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilmiş qanlı terror aktı qətiyyətlə pislənməli və lənətlənməlidir. Bu qanlı terror əməlinin arxasında hansısa mənfur və məkrli qüvvələr dayanır. Bu ağır cinayəti törədənlər və bu cinayəti planlayanlar ən ağır şəkildə cəzalanmalıdır. İsrail Təhlükəsizlik Akademiyasının Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi olaraq bu qanlı terror hadisəsini şiddətlə pisləyir‚  Azərbaycan xalqına və dövlətinə‚ terror hadisəsi zamanı həlak olan Səfirlik əməkdaşının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir‚ hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu ifadə edirik”.